Zaqatala şəhəri, Danaçı massivində, zibillik ərazidə itlər kütləvi şəkildə güllələnib.
Oxu.az xəbər verir ki, hadisə ilə bağlı görüntülər yayılıb.
Zaqatala rayon İcra Hakimiyyətindən bildirilib ki, itlərin güllələnməsi ilə bağlı məsələ araşdırılacaq: “Hazırda itlərlə bağlı çox sayda şikayət var. Onların sayı birdən-birə artıb. Hamısı da böyük itlərdir. İnsanlar çölə çıxanda, uşaqlar dərsə gedəndə qorxurlar. Kimsə itləri bu səbəbdən güllələmiş və ya zəhərləmiş ola bilər. Məsələ araşdırılacaq”.
Qeyd olunub ki, Zaqatala RİH-də baytarlıq tədbirləri görülür: “İtlərin saxlanması üçün şəhər ərazisində xüsusi yerlər var. Burada itlər müəyyən müddət saxlanılır, müalicələri edilir. Həmin yerdə təxminən 200-ə yaxın it var. İtlərin güllələnməməsi ilə bağlı maarifləndirmə tədbirləri görülür”.
Psixoloq Sevinc Baxışova “Sherg.az”a bildirib ki, cəmiyyətin əksər hissəsi məlum hadisələrdən sonra paytaxtın müxtəlif nöqtələrində sahibsiz itlərin çoxluğundan gileylənir, onların insan həyatı üçün təhlükə yaratdığını bildirir:
“Niyə bu fobiya Azərbaycanda bu qədər yayılıb? Çünki bu fobiya süni olaraq yayılır. Körpə uşaqları “Ora getmə, it dişləyər səni” kimi travmatik ifadələrlə qorxudurlar. İnsanın eşitdiyi, gördüyü və hiss etdiyi hər bir şey onun şüur altında qalır. Mütəmadi olaraq itlərin uşaqları qapması barədə xəbərlər yayılsa da, bunun nə qədər həqiqətə uyğun olduğunu demək çətindir. Çünki belə olsaydı, o zaman xəsarət alanların sayı daha çox olmalı idi. İtlər durduq yerdə kiməsə hücum etmir. Bunun bir neçə səbəbi var. Əvvəla, dişi itin balası varsa, o, aqressiv olacaq. Bundan başqa, itin gözü önündə başqa iti öldürüblərsə, xüsusilə balalarını öldürüblərsə, o, insanları sevə bilərmi? Əgər insan itə qarşı amansızlıq edirsə, o, özünü müdafiə edir, qarşısındakı şəxsi dişləməkdən başqa bir şeyə gücü çatmır. Ərazidə sahibsiz itlər varsa, bununla bağlı əlaqədar qurumlara məlumat verilməli, tədbirlər alınmalıdır. Bəzən valideynlərdə həddən artıq övladlarını qoruma instinkti olur və heyvanlardan onlara keçəcək xəstəliklər var ki, qarşılarını almaq üçün məcbur olub heyvanları uşaqlarına pisləyirlər. Məsələn, iitə-pişiyə yaxın durma, pisdir, sənə xəstəlik, mikrob keçər, ona tərəf getmə, hətta bəziləri ay, it gəlir, səni dişləyər, ona daş at, deyirlər. Yəni artıq aşağı yaşlardan etibarən uşaqlarda bunu formalaşdırırıq. Bu da sonradan uşaqlarda nəinki heyvanlara qarşı, eləcə də, insanlara qarşı aqressiyanın yaranması ilə nəticələnir. Çünki o bu gün daşı itə atırsa, sabah daşı öz dostuna da ata bilər və bunun səbəbi təhlükə hiss etdiyi an aqressiv şəxsə çevriləcək olmasıdır. Digər tərəfdən, uşaqlar itlərə daş atır, onları vurur və qıcıqlandırırlar. İtlər uşaqları dişləyəndə isə deyirlər ki, it uşağımı dişlədi. Axı itin dili yoxdur özünü müdafiə edib desin ki, məni vurdular, mən də dişlədim. Uşaqlarda heyvanlara qarşı rəhmsizliyi valideynlər kultivasiya edir. Heyvanların da canı var, onları da ağrıdır. Uşaqlara heyvanlara, təbiətə sevgi tərbiyə etməyincə, mərhəmətsiz bir toplum yetişdirəcəyik. Əgər həqiqətən də itlər hamıya hücum edirsə, o zaman niyə heyvansevərlərə hücum edib, onları dişləmirlər? Heyvanlar maqnit sahəsini, yəni bizim fikir və hisslərimizi görür və hiss edir. Əgər bizim içimizdə it qorxusu varsa, it bunu hiss edib hürəcək və arxamızca qaçacaq. Amma hürmək də onların danışıq dilidir. Hürmək heç də bizi dişləmək istədiyi anlamına gəlmir. Uşaqlara kiçik yaşlarından heyvanlarla təmas qurmağı öyrətməliyik .Uşaq küçədə tanımadığı itə tərəf qaçarsa, üzünə baxarsa, it bunu döyüşə çağırış kimi qəbul edə və həmin uşağı dişləyə bilər. Xüsusilə də əgər insan tərəfindən zorakılığa məruz qalıbsa. Digər tərəfdən, məsələn tutaq ki sən itdən qorxmursan, amma bir gün nədənsə it sənə hücum edir. Çünki sən həmin gün aqressivsən, kiminləsə dalaşmısan və içində güclü nifrət var. Heyvanlar bunu hiss edir və bunu özünə qarşı aqressiya kimi qəbul edir. İtlərin hürməyi, hücumu özünümüdafiə xarakteri daşıyır. Deməli, məsələ itlərdə deyil, insanlardadır. Şüurlu olan insandırsa, məsuliyyəti insan daşıyır. İtlər necə küçəyə düşür? İnsanlar onları evlərində saxlayıb bir oyuncaq kimi çölə atır və beləliklə onların sayları artır. Bu gün insanlara qarşı qəddar olan əvvəlcə heyvanlara qarşı rəhmsiz olub. Heyvanlara qarşı rəhmsiz olanlara laqeydlik göstərməklə cəmiyyətdə qəddarlıq yayılır”.