Qadınların da narkotik maddələrin satışı ilə məşğul olması ölkənin çöküşü deməkdir -Psixoloq

Goranboy Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə narkokuryerlik edən qadın saxlanılıb
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Gəncə regional qrupundan Oxu.Az-a verilən məlumata görə, 48 yaşlı İ.Hüseynzadədən 7 kiloqramdan artıq marixuana və tiryək aşkar edilib.
Saxlanılan şəxs qazanc əldə etmək üçün narkokuryerlik etdiyini bildirib.
Faktla bağlı Goranboy RPŞ-də cinayət işi başlanıb, saxlanılan şəxs barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Faktla bağlı araşdırma aparılır.

Psixoloq Samirə Bağırova “Sherg.az”a bildirib ki, məsələ cinsiyyətdə deyil, mənəviyyatdadır:

“Narkotik maddələr məsələsində son zamanlar qadınların da əli olduğunu vurğulayırsınızsa, elə bu da mənəviyyat məsələsidir. Ədəb, əxlaq, tərbiyə, özünə hörmət, özgüvən bir sözlə kişini kişi, qadını qadın, ümumilikdə insanı insan edən keyfiyyətlər aşağı səviyyədə olduqda, istər qadın, istərsə də kişi hər yola əl ata bilir. Çünki mənəviyyatı zəif inkişaf edib, yaxud heç yoxdur. Gözəl deyim var “ adam utanmasa oynamağa, nə var ki “. Əgər ölkədə artıq qadınlar da narkotik maddələrin, həm satışı, həm istifadəsi ilə məşquldursa, bu  cəmiyyətin, bir ölkənin çöküşü deməkdir. Çünki qadın hər zaman aparıcı və tərbiyəedici qüvvə olaraq, əsas rol oynayır. Təhsil güclənməli,mənəvi dəyərlər təbliğatları aparılmalıdır”.