Qida Təhlükəsizliyi Agentliyinin əl qolu bağlıdır, xəbərdarlıq etmədən cəld yoxlama mexanizmi olmalıdır
Gəncədə antisanitar şəraitdə emal olunan quş əti məhsullarının satışının qarşısı alınıb.
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
Bildirilib ki, Agentlik əməkdaşları Gəncə şəhəri Z.Əliyeva küçəsi 281 ünvanında fəaliyyət göstərən quş əti emalı müəssisəsində yoxlama keçiriblər.
Müəssisədə qida təhlükəsizliyi tələblərinin pozulduğu aşkarlanıb. Belə ki, xammalın qəbulu, saxlanması, emalı, satışı üçün müvafiq avadanlıq və inventarlarla təchiz olunmuş sahələrin mövcud olmadığı, emal prosesinin eyni sahədə həyata keçirildiyi, məhsulların antisanitar vəziyyətdə yerdən yığılaraq saxlandığı, işçi heyətin tibbi müayinədən keçmədiyi və digər nöqsanlar müəyyən edilib.
Faktla bağlı qanunsuz emal olunan məhsulların satışının qarşısı alınıb və saxlanca qoyulub, nümunələr götürülərək laborator müayinələrə cəlb olunub, sahibkar barəsində inzibati protokol tərtib edilib, müəssisənin fəaliyyəti məhdudlaşdırılıb.
Azad İstehlakçılar Birliyinin rəhbəri Eyyub Hüseynov "Sherg.az"a bildirib ki, belə halların mövcudluğunun kökünü qanunda axtarmaq lazımdır:
“İstehlakçı hüquqlarını qoruyan qanunlar çox zəifdir. Həmçinin Qida Təhlükəsizliyi Agentliyinin əsasnaməsində cəld yoxlama mexanizmi yoxdur. Hətta yoxlama üçün çox uzun bürokratik prosedur var. Bütün bunlar aradan götürülməlidir. Qanunlar zəif olduğundan, yəni dövlət biznes qurumları üçün son dərəcə rahat şərait yaratdığından onlar vəziyyətdən sui-istifadə edir və bu kimi hallar meydana çıxır. Belə vəziyyət çoxdur. Lakin Qida Təhlükəsizliyi Agentliyinin əl qolu bağlıdır. Onlar planlı yoxlamalar aparırlar. Planlı yoxlama aparılan zaman mütləqdir ki, Ədliyyə Nazirliyindən çıxarış alsın və qarşı tərəfə desinlər ki, sizin sənayeni yoxlamağa gəlirik. Bu halda isə qarşı tərəf bilir. Ona görə də Qida Təhlükəsizliyi Agentliyinin əsasnaməsində dəyişiklik və xəbərdarlıq etmədən cəld yoxlama mexanizmi olmalıdır. Nə qədər ki, bu mexanizm yoxdur belə vəziyyət də olacaq”.