Xarici ölkəyə dini təhsil adı ilə aparılanlar bəzən cinsi istismar edilir
Dövlətin nəzarətindənkənar dini təhsil müəssisələrində fəaliyyətin insan alveri riskini artırdığı bildirilir. Milli Məclisn dünən keçirilən “İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı”nın müzakirəsində deputat Fazil Mustafa deyib ki, Azərbaycanda insan alverinə qarşı mübarizədə DİN tərəfindən çox ciddi intensiv fəaliyyət həyata keçirilir. Deputat bildirib ki, insan alveri ilə bağlı sahə artıq kibercinayətkarlıq səviyyəsində artıb, buna nəzarət mexanizmi də xeyli çətinləşib: “Hesab edirəm ki, Azərbaycanda əsasən bunun öhdəsindən gəlinə bilir”.
Komitə sədri qeyd edib ki, dövlətin nəzarətindən kənarda harada dini təhsilə cəlb edilən insanlar varsa, bu da insan alveri kimi qiymətləndirilməlidir: “İnanclarına görə insanlar dini təhsil ala bilər, amma bunu mütləq dövlətin nəzarəti altında olan müəssisələrdə edə bilər. Qanunvericilikdə bununla bağlı dəyişiklik edilməlidir, bunun üçün müraciət olunsa, bu cür cinayətlər də insan alveri kimi qiymətləndirilməlidir”.

Milli Cəbhə Partiyasının sədr müavini, ilahiyyatçı Tural İrfan da “Sherg.az”a açıqlamasında deyib ki, ölkədə dini təhsil yalnız dövlət nəzarəti ilə həyata keçirilməlidir. Bunu zəruri edən bir çox amillərin olduğunu vurğulayan ilahiyyatçı bildirib ki, dövlət nəzarətindən kənar dini təhsilin zərərli olduğunu təcrübə də sübut edir:
“Dövlət nəzarətindən kənar dini təhsil çox zaman məzhəbçilik, xurafatçılıq, qeyri-ənənəvi inanclar, mövhumat və radikalizm yayaraq xarici təsirləri təbliğ vasitəsi kimi qiymətləndirilir. Millət vəkili Fazil Mustafa tamamilə doğru vurğulayıb ki, dini təhsil hökmən dövlət nəzarəti altında həyata keçirilməlidir.
Şübhəsiz ki, nəzarət olmayan yerdə dini təhsil adı altında, yaxud xalqımızın milli ənənəsinə zidd olan, qanunlarımıza müxalif olan təbliğat aparıla bilər, bunun nəticəsində də nəinki insan alveri, ondan daha betər mənfur əməllər təzahür edə bilər. Ölkədə dini təhsil almaq üçün bütün şərait var, Azərbaycan İlahiyyat İnstitutu, İlahiyyat Kolleci fəaliyyət göstərir. Bütün məscidlərdə din xadimləri xütbə və moizələrində maarifləndirmə işləri aparır. Bunun müqabilində gizli, yaxud aşkar dövlət nəzarətindən kənar hər hansısa təhsilin, yaxud təhsil adı altında təbliğatın aparılmasına ehtiyac yoxdur. İnsanları psixoloji təsirə salıb inanc vasitəsilə istismar etmək dində də haramdır, qanun da buna yol vermir. Ölkədə hesab edirəm ki, dini azadlıqlar normaldır və hətta bəzən normadan artıq həddə çatır. Bu da həmin azadlıqdan sui-istifadə edənlərin din adı altında xurafat, mövhumat, ikitirəlik, cəhalət yaymasına səbəb olur. Ona görə dövlət nəzarəti çox vacibdir. Hörmətli komitə sədrinin qaldırdığı məsələ dini azadlıqların məhdudlaşdırılmasına deyil, əksinə, real təhlükələrin qarşısını almağa, dini zəmində sosial həyatın sağlamlaşdırılmasına yönələn addımdır.
Mümkündür ki, dini təhsil adı altında insanları istismar edərək mənfi niyyətlər üçün istifadə etsinlər”.
Dini təhsilin yalnız ölkə daxilində, dövlətin ciddi nəzarətində olmasının vacibliyini vurğulayan T.İrfan hesab edir ki, ölkəmizdə təxribatçı planlar həyata keçirmək istəyən bəzi xarici maraqlılar əsasən bunu din, məzhəb adı altında etməyə çalışırlar: “Bir boşluq axtarıb həmin boşluqdan istifadə edirlər. Faktlar var ki, dini təhsil adı ilə xarici ölkəyə aparılmış tələbələr cinsi istismara məruz qalıblar. Onları bu yolla insan alverinin qurbanına çevirib sonra da öz ölkəsinə qarşı istifadə etməyə çalışıblar. İstər ölkə daxilində, istərsə də xaricdə dini təhsil məsələsinin dövlət nəzarətindən kənar qalmasının əziyyətini hələ də çəkirik. Vaxtilə müxtəlif xarici ölkələrdə dini təhsil adı altında gedib həmin ölkələrin ideoloji, siyasi proqramlarının təsirinə düşüb gələnlər bu gün də ölkədə dini abu-havanı zəhərləməklə məşğuldurlar.
Qeyri-rəsmi yollarla dini təhsil adı ilə xarici ölkəyə aparılıb orada hansı təsirlərə, yaxud insan alverinə məruz qalan insanların olmaması üçün mütləq nəzarət olmalıdır. Ələlxüsus da ölkəmizdə bütün dini təhsil tələblərinə cavab verən ali dərəcəli təhsil ocaqları fəaliyyət göstərir. Bir çox müsəlman ölkəsində olmayan dövlət dəstəyi var. Vətəndaşların dini təhsil alması üçün dövlət nəzarətindən kənar müəssisələrə cəlb edilməsi təhlükəlidir”.