Türkiyədə 3,5 milyon türk lirəsi dəyərində qızıl olan çantanı polisə təhvil verən bələdiyyə təmizlik işçisi mükafatlandırılacaq.
Sherg.az xəbər verir ki, Düzcə şəhərində işlədiyi ərazidə sahibsiz çanta tapan təmizlik işçisi Fatih Cesur içərisində təxminən 3,5 milyon türk lirəsi dəyərində qızıl, nağd pul və bank kartları olduğunu görərək dərhal rəhbərliyinə məlumat verib və çantanı polisə təhvil verib. Polis apardığı araşdırmalardan sonra çantanı sahibinə qaytarıb.
Düzcə Bələdiyyəsinin sədri Faruk Özlü nümunəvi davranışına görə Fatih Cesuru iş başında ziyarət edərək ona təşəkkür edib. Bələdiyyə sədri təmizlik işçisinin bir aylıq əməkhaqqı məbləğində mükafatlandırılacağını açıqlayıb.
Fatih Cesur isə bunu yalnız insanlıq borcu hesab etdiyini bildirərək, eyni vəziyyətlə yenidən qarşılaşsa, yenə də eyni addımı atacağını söyləyib.