Olmasa, erkən nikah və zorakılıq dayandırıla bilməz
Məişət zorakılığı və erkən nikahların qarşısının alınması, ailələrdə yaşanan problemlərin həllində
yerli bələdiyyə üzvü olan qadınlar çox iş görə bilər. Çünki bələdiyyə üzvləri əraziyə və sakinlərə
bələddir, ailələrlə yaxından təmas yarada bilər. Bu fikirlər Ailə, Qadın və Uşaq Problemləri üzrə
Dövlət Komitəsinin təşkil etdiyi "Gender bərabərliyi və gender əsaslı ayrı-seçkilik" mövzusunda
təlimdə səsləndirilib.
Təlimin əsas məqsədi gender bərabərliyi mövzusunda media
əməkdaşlarının bilik və bacarıqlarının artırılması, eləcə də cəmiyyətin bu sahədə
maarifləndirilməsi işində medianın rolunun gücləndirilməsidir. Təlimdə açılış nitqi ilə çıxış edən Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova ölkəmizdə gender bərabərliyinin təmin
olunması istiqamətində görülən işlərdən, milli və beynəlxalq hüquqi çərçivələrdən bəhs edərək,
Dövlət Komitəsi tərəfindən bu sahədə həyata keçirilən tədbir və layihələr barədə ətraflı məlumat
verib. Medianın bu sahədə daşıdığı mühüm ictimai məsuliyyətə diqqət yönəldən S.Qəhrəmanova
vurğulayıb ki, media nümayəndələrinin gender məsələlərinə yanaşma tərzi cəmiyyətdə
formalaşan təsəvvürlərə ciddi təsir göstərir. Bu baxımdan, jurnalistlərin gender bərabərliyi və
ayrı-seçkilik kimi mövzularda daha məlumatlı olması və həssas yanaşma nümayiş etdirməsi
mühüm əhəmiyyət daşıyır. S.Qəhrəmanova çıxışı zamanı qeyd edib ki, Azərbaycanda bələdiyyə
institutunda qadınların təmsilçiliyi 40 faizə yaxındır. Bələdiyyələrin tərkibində gender
komissiyaları yaradılıb. Bununla bağlı layihə komitənin təşəbbüsü ilə reallaşıb. Bələdiyyələr bir
kənddə və ya qəsəbədəki hadisəni daha tez araşdırıb, təhlil edə bilər: "Onlar fəaliyyət
göstərdikləri yerlərdəki ailələrə, onların problemlərinə daha yaxşı bələddirlər. Bu zaman məişət
zorakılığı və erkən nikah kimi neqativ halların qarşısı daha tez alına bilər”. Təlim zamanı
iştirakçılara gender bərabərliyinin əsas anlayışları, gender əsaslı zorakılıq, Azərbaycanda gender
əsaslı cins seçiminin səbəbləri və fəsadları mövzularında geniş təqdimatlar edilib.
Mütəxəssislər hesab edir ki, bələdiyyələrdə gender komissiyalarının yaradılması müsbət haldır.
Ümumiyyətlə, bələdiyyələrin özündə də gender bərabərliyinin qorunması, xanımların bələdiyyə
üzvü seçilməsi, müəyyən vəzifələrə çəkilməsi vacibdir və bu hal yerlərdə gender əsaslı
problemlərin həllinə əhəmiyyətli dərəcədə dəstək verə bilər.
Sosioloq Mətanət Məmmədova Sherg.az-a açıqlamasında qeyd etdi ki, bələdiyyələrdə gender
komissiyalarının təşkil edilməsi müsbət təşəbbüsdür. Lakin təəssüf ki, ölkəmizdə bələdiyyələr
institut kimi hələ tam formalaşmayıb:
- Kənd və şəhər yerlərində bələdiyyə üzvlərinin gender əsaslı problemlərin, münaqişələrin
həllinə yönləndirilməsi müsbət nəticə verə bilər. Bələdiyyə üzvləri ərazi üzrə yerli sakinlərdən
seçilir. Ona görə də həmin ərazilərdə yaşayan sakinlər barədə məlumatlı olurlar. Əslində,
məlumatlı olmalıdırlar. Erkən nikah hallarını bilməlidirlər, hansı ailədə yeniyetmə qızlar
təhsildən yayındırılaraq nikaha məcbur edilir, hansı ailədə məişət zorakılığı halları var, bunun
səbəbləri nədir. Bütün bunları bələdiyyə üzvü olanlar, xüsusən də xanımlar öyrənə bilər,
araşdırma apara bilər. Problem bundadır ki, yerlərdə bələdiyyələr rəsmi şəkildə özünüidarəetmə
strukturu kimi fəaliyyət göstərmir. Bələdiyyələrin gərək idarəsi, binası, əməkdaşları ola ki, bu
cür vacib sosial işləri həyata keçirə bilsinlər. Bizim ölkədə bələdiyyəni rəsmi struktur kimi
tanımırlar, ciddi qəbul etmirlər. İndiyədək bələdiyyələrin adı ya torpaq alqı-satqısında, ya torpaq,
daşınmaz əmlak vergisinin toplanmasında, bəzi kənd və qəsəbələrdə hətta işıq pulu, qaz pulu
toplamaqla hallanıb. Bu işlərlə bağlıdır bələdiyyələrin fəaliyyəti. Bələdiyyələrin gələcəyimiz,
gender bərabərliyinin təmin olunması, ailə möhkəmliyi kimi aktual milli məsələlərin həllində
iştiraklarının təmin edilməsi üçün ilk növbədə onların fəaliyyətlərinin genişləndirilməsi, yerli
özünüidarəetmə strukturu kimi ciddi imic qazanmalarını təmin etmək lazımdır. Elə kəndlər var,
bələdiyyə yalnız bələdiyyə sədrindən və müavindən ibarətdir. İki nəfər işçi ilə bu işi necə
görmək olar? Əgər həqiqətən də qadınların bələdiyyə institutlarında təmsilçiliyi 40 faizdirsə, bu,
yenə də azdır. Bu göstərici 80 faizə qalxmalıdır ki, məişət zorakılığı və ya erkən nikahların
qarşısının alınması kimi ciddi məsələlərdə nəsə bir müsbət nəticə əldə etmək, bir iş görmək
mümkün olsun.
Sosioloq qeyd etdi ki, bələdiyyə üzvləri arasında qadınların sayı artarsa, gender əsaslı
problemlərin həllində əhəmiyyətli irəliləyiş əldə olunar:
- Xüsusən kənd yerlərində kişilərin evlərə baş çəkib, ailələrlə, xanımlarla söhbət aparacağını
düşünmək yersizdir. Kənd yerlərində, ümumiyyətlə ölkəmizdə mühafizəkar düşüncəli ailələrimiz
çoxdur. Ailə başçılarını belə görüşlərə, söhbətlərə razı salmaq o qədər də asan deyil. Amma
bələdiyyələrin qadın üzvləri ailələrlə yaxından əlaqə yarada, söhbət apara bilər. Kəndlərdə
bələdiyyə üzvləri arasında qadınlar azdır. Bəlkə, təsadüf nəticəsində bir-ki nəfər ola, ya olmaya.
Təklif müsbətdir. Müsbət nəticələri ola bilər. Amma bələdiyyələrin hazırkı durumunda bu işi
görməyə potensialı yoxdur. Bələdiyyələr elə bir formaya salınmalı, sturktur o dərəcədə
möhkəmlənməlidir ki, öz büdcəsi olsun, əmək haqqı il çalışan əməkdaşları olsun və onlar kənd-
kənd, qəsəbə-qəsəbə gəzib ailələrlə görüşsünlər, maarifləndirici söhbətlər aparsınlar, ailələri,
yeniyetmə qızları yanlış yoldan çəkindirsinlər. Əmək haqqı almayan hansı bələdiyyə üzvü qapı-
qapı gəzib maarifləndirmə işi aparar? Heç biri. Bələdiyyələrdə sədr və müavin istisna olmaqla,
digər üzvlər ictimai işçi kimi fəaliyyət göstərir, heç bir əmək haqqı da almır. Bələdiyyələrin
fəaliyyəti genişləndirilmədikcə bu məsələdə irəliləyiş gözləməyinə dəyməz. Və məhz
bələdiyyələrdə qadın üzvlərin sayının artırılması ilə gender əsaslı problemlər effektli şəkildə həll
oluna bilər.