Birinci yarımildə Azərbaycan vətəndaşlarının Türkiyədə ev alışı 8%-dən çox azalıb

2026-cı ilin birinci yarısında Azərbaycan vətəndaşları Türkiyədə 388 daşınmaz əmlak alıblar. Bu göstərici 2025-ci ilin eyni dövrü ilə müqayisədə 8.5% azdır.

Teleqraf Türkiyə Statistika Təşkilatına (TÜİK) istinadən xəbər verir ki, cari ilin iyununda azərbaycanlılar qonşu ölkədən 72 mənzil alıb. Ötən ilin eyni ayı ilə müqayisədə bu 4% azalma deməkdir.

İyunda Türkiyədə xarici vətəndaşlara 2 015 mənzil satılıb ki, bu da ötən ilin eyni ayı ilə müqayisədə 20,1% çoxdur. Ay ərzində xarici vətəndaşlara satılan mənzillərin ümumi mənzil satışlarındakı payı 1,6% təşkil edib.

Yanvar-iyun aylarında isə xarici vətəndaşlara mənzil satışı ötən ilin eyni dövrü ilə müqayisədə 9,2% azalaraq 9 min 83-ə enib.

Türkiyədə ötən ay ən çox mənzil satışı 381 mənzillə Rusiya Federasiyası, hərəyə 170 mənzillə isə Ukrayna və İran vətəndaşlarına həyata keçirilib.

Xatırladaq ki, ötən il azərbaycanlılar Türkiyədən 983 mənzil alıb. Eyni zamanda, 2025-ci ildə Türkiyədə erməniəsilli şəxslərə 3 ev satılıb.