Dəli Cabir və Xocavəndə azadlıq səfəri: Ölümün üzərinə gülərək getdi

Kərim Kərimli

Dünən 64 keçmiş məcburi köçkün ailəsinin yenidən Xocavənd şəhərinə qayıtması barədə xəbər oxudum. 

Əlbəttə bu xəbərə görə çox sevindim.

Ancaq yadıma bir əhvalat düşdü. Qərara aldım, danışım, çünki, düşünmürəm, bu hadisəni başqa kimsə xatırlayıb yazsın. Qoy heç vaxt heç yerdə adı çəkilməyənləri də heç olmasa bir dəfə xatırlayaq.

Deməli, Füzuli avtobazasında o vaxtlar şəxsən tanıdığım Cabir adlı bir avtobus sürücüsü var idi. Ona görə şəxsən tanıyırdım ki, onun idarə etdiyi avtobusda vaxtaşırı Şuşadan Füzuliyə gedib-gəlirdim. O zaman onun haqqında danışanda "Dəli Cabir" deyirdilər və onu da əlavə edirdilər ki, "dəli olmasa, ağlı olsa göz görə-görə ölümə getməz".

Axı artıq yollar bağlanmışdı və erməni terrorçuları da daş müharibəsindən odlu silah mərhələsinə keçmişdilər.

Bir gün yenə də Cabirin sarı rəngli "PAZ - 672" markalı avtobusunda Şuşadan Füzuliyə gedirdik. O vaxt Şuşadan Ağdama 38, Ağdamdan Füzuliyə isə 58 kilometr idi. Yəni elə çox da böyük məsafə qət etmək lazım gəlmirdi. Xüsusən də Cabirin, özü demişkən, sarı "ceyran"ı uçurdu elə bil.

Xocavənd rayon mərkəzinə çatanacan yenə də "uça-uça" getdik.  

Rayon mərkəzinin kənarından da yol olmasına baxmayaraq Cabir maşını birbaşa mərkəzdən keçən yolla sürdü. Avtobusun salonunda olan insanlar buna etiraz etsələr də, Cabir heç kimi vecinə almadı. Özü də sürəti azaldaraq məzələnə-məzələnə sürməyə başladı. 

Gəlib çatdıq şəhərin düz mərkəzinə. Burada üzərindəki iri ölçülü reklam hərfləri ilə "Sayat Nova adına kino-teatr" (ermənicə və rusca) yazılmış binanın qarşısında maşını saxladı.

Bu bina Xocavənd rayonunun rəhbərliyinin ofisləri olan əsas inzibati binaların yanında yerləşirdi və ermənilərin daim toplaşdığı bir mərkəz idi. Hadisələr başlayandan isə bura iğtişaş və separatizm yuvasına çevrilmişdi. Bütün anti-Azərbaycan yığıncaqları da burada keçirilirdi. Bu dəfə də deyəsən növbəti yaramaz tədbir təzəcə qurtarmışdı və ekstremistlər dəstə-dəstə içəridən çıxıb küçədə topalaşırdılar.

Bəli, Cabir maşını topanın düz yanında saxladı və başını (qeyd edim ki, saçı ağarmış başı bir az daz idi və ermənilər tez duyuq düşüb başının daz yerinə bircə dənə daş vursaydılar oradaca hamımızın qanımız batacaqdı) pəncərədən çıxardıb ucadan dedi:

- Salamməlöyküüüm!!!

Elə bərkdən dedi ki, ermənilər bu gözlənilməz səsdən çaşıb qaldılar.

Salondakı sərnişinlərin qışqırığına, həyəcanla "Sür! Sür!" deməyinə baxmayaraq Cabir davam elədi:

- Ayə, bura hansı şəhərdi?

Erməniləri çoxdan eşitmədikləri Azərbaycan dili də bir az karıxdırmışdı.

Cabir sanki donub qalmış ölüm topasına bir də baxıb başladı gülməyə:

- Ə, gözlərinizi arpa yemiş dana kimi nəyə bərəldirsiniz? Deyirəm bura haradı, hansı şəhərdi? Deyirəm yanı bura Maskvadı, Leninqraddı-nədi, haradı? Kürsəyə gələn qancıq sürüsü kimi nəyə yığışmısınız bura?

Elə bil ermənilər qəfil ayıldılar. Bayaqdan bərələn gözlər daş-kəsək, ağac-uğac, dəmir-dümür tapmaq istəyi ilə ətrafa yönəldi. Böyük bir dəstə isə eləcə əliyalın avtobusa cumdu. İçəridəki adamların əksəriyyəıti də içəridən Cabirə hücum etdi ki, "Sür! Filan-filan şüdə, hamımızı qıracaqlar!"

Xoşbəxtlikdən Cabir maşını yatırtmamışdı, mühərrik işləyirdi.

O boyda avtobus, sanki yerindən tərpənmədi, elə bil at kimi irəliyə atıldı. 

Çöldən hücum edənlərdən neçəsinin qol-qıçının təkərin altında qalıb-qalmadığını, yaxud avtobusun onlardan neçəsini nə qədərsə sürüyüb-sürümədiyini bilmədik. Bir də gördük arxamızca neçə maşın gəlir. Bir neçə saniyədən sonra arxadan atəş açmağa başladılar. Bu dəfə Cabir başladı, necə deyərlər, kaskadyorluq, avtoşluq eləməyə. O sürətlə gedən avtobus "səkkiz yazır", az qalırdı ki, yoldan çıxıb dərəyə yuvarlansın. 

Axır ki, ermənilər tərəfindən partladılandan sonra dəmirdən düzəldilmiş yeni körpünü keçdik. Erməni maşınları azalmağa başladı. Bir neçə saniyədən sonra Veysəlli görünməyə başlayanda erməni maşınları görünməz oldu.

İlan ağzından qurtarmış qurbağanı xatırladan sərnişinlər dərindən və rahat nəfəs alıb yenidən cumdular Cabirin üstünə. Onun isə heç vecinə də deyildi və söyə-söyə, maşınını at kimi oynada-oynada Füzuliyə tərəf qovmaqda davam elədi...

Dedim xatırlayaq...

Sağdırsa, eşitsə, sevinsin, yox artıq haqq dünyasındadırsa, ruhu şad olsun!

Bu gün, avtobus sürücüsü Cabirin ironiya ilə "Moskvadırmı, Leninqraddırmı?" dediyi Xocavənd şəhərinə o şəhərin əsil qanuni sakinləri olan daha 64 azərbaycanlı ailəsi köçüb-qayıdıb. 

Allah mübarək eləsin!

Şəkildə: həmin şəhərin dediyim həmin mərkəzi hissəsi.