Erkən nikahlar və ailədaxili şiddət hələ də bitmir
"Əfsuslar olsun ki, zorakılıq, xüsusən də, qadınlara qarşı zorakılıq halları müasir dövrün qlobal problemlərindən biri olaraq qalmaqdadır". Bunu Milli Məclisin iclasında komitə sədri, professor Hicran Hüseynova açıqlamasında deyib.
Onun sözlərinə görə, araşdırmalar nəticəsində məlum olub ki, dünyada hər 3 qadından biri nə vaxtsa zorakılığa məruz qalıb, hər 3 dəqiqədən bir ən azı bir qadın öldürülür: "1999-cu ildə Birləşmiş Millətlər Təşkilatı 25 noyabr tarixini rəsmi olaraq, “Qadınlara münasibətdə zorakılıqla Beynəlxalq mübarizə günü” elan edib və ondan 26 il keçir. 30 il bundan əvvəl Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan BMT-nin "Qadınlara münasibətdə ayrı-seçkiliyin bütün formalarının ləğv olunması haqqında" Konvensiyasına qoşuldu. Onun və Prezident İlham Əliyevin Sərəncamları ilə ölkəmizdə qadınlara münasibətdə zorakılığın qarşısının alınması sahəsində qanunvericilik bazası formalaşıb. Müvafiq normativ-hüquqi aktlar qəbul edilib, Fəaliyyət Planı və qaydalar təsdiqlənib. Respublikanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın qanunvericilik təşəbbüsləri bu istiqamətdə mühüm təkan olub. Xanım sədr, siz müxtəlif vaxtlarda beynəlxalq səviyyədə bu məsələləri səsləndirmisiniz. Eyni zamanda, aidiyyəti dövlət qurumları, vətəndaş cəmiyyəti tərəfindən mühüm layihələr, tədbirlər həyata keçirilir".
Komitə sədri bildirib ki, ancaq nə qədər işlər görülsə də, qanunvericilik gücləndirilsə də, hələ də belə hallar var: "Hələ də zorakılığa məruz qalan qadınlarımız, erkən nikaha məcbur edilən qızlarımız var. Və bu bizim ailə dəyərlərimizə yaraşmayan hallardır. Qeyd etmək lazımdır ki, zorakılıq yalnız bir ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün təhlükəlidir. Ona görə də, biz daha çox maarifləndirmə işləri aparmalıyıq, daha çox çalışmalıyıq ki, qadın və qızlarımız zorakı davranışa məruz qalmasınlar".
Deputat Vüqar Bayramov isə deyib ki, dövlət qulluğuna qəbul maddəsinə edilən dəyişikliklər prosedurların asanlaşdırılmasına və dəqiqləşdirilməsinə xidmət edir: "Bununla yanaşı, həmin maddə üzrə dövlət qulluğuna qəbul prosesinin daha sadələşdirilməsi məqsədəuyğun olardı". O qeyd edib ki, dövlət qulluğuna qəbul olunma qaydalarının daha da təkmilləşdirilməsi hər zaman prioritet olaraq qalmaqdadır: "Hazırda dövlət qulluqçularının sayı 27,4 min nəfərdir ki, onların da 30,3 faizini qadınlar təşkil edir. Ötən il dövlət qulluqçularının orta aylıq əməkhaqqı əvvəlki ilə nisbətən 2 faiz artaraq 1971,0 manata çatıb. Bu il reallaşan sosial paket həmin vətəndaşlarımızın əmək haqlarında daha yüksək artımlara imkan verib. Bununla yanaşı, hazırda dövlət qulluqçularının orta aylıq maaşı ölkə üzrə orta aylıq əmək haqqından 2 dəfə çoxdur. Bu da dövlət qulluğuna marağın yüksək olması səbəblərindən biridir.