Ermənistan ortaya həll olunmaz tənliklər atmaqla müşahidə missiyasının varlığını uzatmağa çalışır -Politoloq

Belə əngəlləyici amillər sülh prosesinin qarşısında tormozlayıcı xarakter daşıyır

Azərbaycan belə bir tələb irəli sürüb, Ermənistan isə müşahidəçilərin fəaliyyətinin davam etdirilməsi ilə bağlı öz versiyasını təqdim edib. Bu sözləri Ermənistan parlamentinin spikeri Alen Simonyan AB “mülki missiyası”nın fəaliyyətindən Azərbaycanın narazılığını şərh edərkən bildirib. Onun sözlərindən belə anlaşılıb ki, Ermənistan fevralda başa çatan AB missiyasının mandatını uzatmaq niyyətindədir. Belə ki, Simonyan Baş nazir Paşinyanın sözlərini təkrarlayaraq, müşahidə missiyasının yalnız delimitasiya və demarkasiya edilmiş ərazilərdə - məsələn, Kirants - fəaliyyət göstərməsinə ehtiyac olmadığını vurğulayıb. Sərhədin delimitasiya və demarkasiya prosesinin illərlə, hətta onillərlə davam etdiyini nəzərə alsaq, görünür, Ermənistan AB-ni “müşahidə missiyası” adı altında hələ uzun müddət regionda saxlamağa davam edəcək. 
Qeyd edək ki, Ermənistanın Azərbaycanla sərhədə AB “mülki missiyası” əvvəlcə iki aylıq gəlsə də, sonradan Bakının razılığı olmadan iki il müddətinə uzadılıb. Müddət 2025-ci ilin fevralında başa çatır. AB mandatın uzadılmasına çalışır.

Politoloq Natiq Miri “Sherg.az”a açıqlamasında bildirib ki, Avropanın dırnaqarası müşahidə missiyasının Ermənistanda varlığı Nikol Paşinyan hökümətinin təhlükəsizliyi nöqteyi nəzərdən görünsə də, bu Avropa Birliyinin Cənubi Qafqazda istinad nöqtəsi olan Ermənistanda varlığını möhkəmləndirir:

“Yəni missiyanın varlığı sadəcə Ermənistanın maraqları kontekstində baş vermir. Bu Qərbin Cənubi Qafqazda mövcudluğunu təmin etməklə məşğuldur. Ermənistanın təhlükəsizlik və Avropa Birliyinin regiona sirayət etmək maraqları qarşılıqlıdır. Ermənistan missiyanın fəaliyyətini istəməsə belə, gələcək inkişaf prespektivini Qərbə yönəldən rəsmi İrəvanın Avropa Birliyinin geosiyasi maraqlarını təmin etmək məcburiyyətindədir. Ona görə də belə həll olunmaz tənliklər ortalığa atmaqla dolayısı ilə Avropa Birliyi müşahidə missiyasının varlığına yol açırlar. Demarkasiya prosesi uzun vaxt aparan və ağrılı gedişdir. Həmin prosesin hansı zaman çərçivəsinə qədər uzanacağını heç kəs bilmir. Ermənistan da buna əmin olduğu üçün belə model ortaya qoyur. Azərbaycan və Ermənistan istəsə belə, sərhədlərin demarkasiya və delimitasiya prosesini qısa müddət ərzində başa çatdıra bilməzlər. Ermənistan düşünür ki, bu cür çözümsüzlük variantı Azərbaycanı sözügedən müddəadan vaz keçirmək üçün işə yarıya bilər. Belə əngəlləyici amillər sülh prosesinin qarşısında tormozlayıcı xarakter daşıyır. Yəni sülh müqaviləsinin imzalanmasına imkan vermir. Çünki sülh iki ölkə arasında əməkdaşlığı, diplomatik münasibətləri və digər sahələr üzrə inteqrasiyanı özündə ehtiva edir. Ancaq sülh bağlamalı olduğun dövlətin sərhədində üçüncü faktorların hərbi strukturlarını yerləşdirməklə sülhdən danışmaq olmaz. Ona görə də Azərbaycanın üçüncü qüvvələr sərhəddə yerləşə bilməz deməsi tamamilə doğrudur. Qalib ölkə olaraq Azərbaycan bunu tam legitim şəkildə tələb etmək hüququna sahibdir”.


Ekspert söyləyib ki, Avropa Birliyi Bakı və İrəvan münaqişəsində bitərəf olmaqdan çıxaraq Ermənistandan yana çıxış edir:
“Eyni zamanda hələ sülh müqaviləsi imzalanmayıb, amma Avropa İttifaqı və Fransa Ermənistanı silahlandırır. Azərbaycan üçüncü qüvvələr deyərkən təkcə Avropa Birliyini deyil, eyni zamanda Rusiya, İran və.s tərəflər nəzərdə tutulur. Simonyanın açıqlaması Azərbaycanın tələblərinə adekvat deyil. Hətta Simonyanın açıqlamasında Ermənistanın konkret hiyləsini də hiss edirik. Bildirirlər ki, əgər həqiqətən də Avropa Birliyinin müşahidə missiyasının çıxmasını tez istəyirsinizsə, demarkasiya prosesini bitirməyə ehtiyac var. Bu isə Azərbaycan qanı bahasına əldə etdiyi strateji yüksəkliklərdən Avropa Birliyinin müşahidə missiyasının çıxarılması xatirinə öz qoşunlarını geri çəkməli və həmin zirvələri yenidən Ermənistana verilməsi deməkdir. Azərbaycan isə heç vaxt Ermənistanın bu hiyləsinə getməyəcək”.