Paşinyan hazırda o hayda deyil ki, paytaxtı köçürsün
Ermənistanın iki daxili problemi sistemli şəkildə həll edilməlidir, əks halda gələcəkdə daha zəif, xarici təhlükələrə qarşı daha həssas olacağıq.
Bunu erməni ekspert Tatul Akopyan deyib.
O sözügedən iki problemi belə əsaslandırıb:
“Birincisi, sərhəd kəndlərindən mühacirət, ikincisi isə qeyri-mütənasib inkişafdır. Sonuncu problemin də kökündə elə ilk dediyim səbəb dayanır. Ölkənin 2,9 milyonluq əhalisinin yarıdan çoxunun İrəvanda və paytaxtın yaxınlığındakı Ararat vadisində yaşaması vəziyyəti çətinləşdirir. Məsələn, yüz il əvvəl Sovet Ermənistanının əhalisi bir milyondan az olanda İrəvan əhalisi təqribən 50 min idi. Yəni paytaxt əhalisi bütün ölkə əhalisinin 4-5 faizini təşkil edirdi.
İndi isə əsasən də sərhəd kəndlərin əhalisi İrəvana köçüb deyə, bir çox kəndimiz boşdur. Paytaxt isə əksinə, insanların çoxluğundan hədsiz yüklənib. İrəvanı boşaltmağın yeganə yolu yeni paytaxtın yaradılmasıdır”.
Politoloq Əhəd Məmmədli "Sherg.az"a bildirib ki, Ermənistan müstəqilliyini bərpa edəndən sonra ciddi mühacirət və genefon problemi yaşamağa başladı:
"44 günlük müharibə dövründə Ermənistan 4 minə yaxın itki verib. Bu isə balaca Ermənistanın gələcək genefondu üçün böyük ziyandır. Həmçinin Qarabağdakı əhalinin İrəvan və digər ətraf rayonlara doluşması, ümumiyyətlə ölkəni tərk etməsi geniş vüsət alıb. Eyni zamanda İkinci Qarabağ müharibəsi zamanı Zəngəzurda erməni sakin demişdi ki, burada türklər yaşayanda yaşıllıq idi: "Onlar tərk edəndən sonra bu ərazilər boş qalıb və xarabalığa çevrilib". Yəni həmvətənlərimizin zorla çıxarıldığı Zəngəzur kəndləri hələ də boşdur, ermənilər oranı doldura bilməyib. Çünki bu, kəmiyyət baxımından mümkün olmur. Ermənistanda əhali sayı artmır, əksinə azalır".
Politoloqun sözlərinə görə, Ermənistanda vəziyyət o qədər ağırdır ki, Akopyan "SOS" siqnalı verir:
"Erməni ekspert düşünür ki, paytaxt dəyişdirilsə, ölkə də inkişaf edəcək. Ümumiyyətlə indiki vəziyyətdə Ermənistan iqtidarının bu problemi aradan qaldırmaq imkanı varmı? Xeyr. Çünki Paşinyan hazırda o hayda deyil ki, paytaxtı köçürsün. Onun qarşısında həll edilməli olan başqa məsələlər var".