Gürcüstanın keçmiş müdafiə nazirinə qarşı cinayət işi qaldırıldı

Gürcüstanın Baş Prokurorluğu ölkənin sabiq müdafiə naziri İrakli Okruaşviliyə qarşı cinayət işi qaldırıb.

Teleqraf-ın yerli bürosu xəbər verir ki, buna səbəb onun Gürcüstan parlamentinin xüsusi istintaq komissiyası ilə əməkdaşlıqdan imtina etməsidir.

Faktla bağlı araşdırma müvəqqəti komissiyanın qanuni tələblərinin yerinə yetirilməməsi maddəsi üzrə aparılır. İ.Okruaşvilini cərimə və yaxud bir ilədək müddətə həbs cəzası gözləyir.

Eyni maddə ilə müxalif “Güclü Gürcüstan” koalisiyasının liderləri Mamuka Xazaradze və Badri Caparidze ilə bağlı da iş başlanılıb.

Xatırladaq ki, Gürcüstan parlamentinin xüsusi istintaq komissiyası 2003-2012-ci illərdə mövcud olan hakimiyyətin fəaliyyətini araşdırır. Komissiya bu ilin fevralından işinə başlayıb və artıq iş adamları, keçmiş hərbçilər və məmurların ifadələri alınıb. Ötən gündən komissiyanın mandatı genişləndirilib. Araşdırma dövrü yalnız 2003-2012-ci illəri deyil, həmçinin 2003-cü ildən bu günədək olan müddəti də əhatə edəcək.

Qeyd edək ki, İ.Okruaşvili Gürcüstanın müdafiə naziri vəzifəsini 2004-2006-cı illərdə tutub.