Politoloq: Ermənistan 2 il ərzində yeni Konstitusiyanı qəbul edəcək

Azərbaycana heç bir iddia qalmayacaq
Ermənistanın ədliyyə naziri Srbui Qalyan Konstitusiya dəyişikliyi ilə bağlı açıqlama verib. O, jurnalistlərlə söhbətində Azərbaycana qarşı ərazi iddiasının yer aldığı Müstəqillik Bəyannaməsinə istinadın Konstitusiyadan çıxarılması barədə sualı cavablandırıb. Ermənistan Konstitusiyası ilə bağlı dəyişikliklərə toxunan Srbui Qalyan qeyd edib: "Müstəqillik Bəyannaməsinin qorunub saxlanılıb-saxlanmayacağından asılı olmayaraq, bu, tarixi reallıqdır. Yəni “Üçüncü Respublika” yalnız Müstəqillik Bəyannaməsi sayəsində mövcud ola bilib və bu, tarixi sənəddir, tarixi reallıqdır". Xatırladaq ki, ədliyyə naziri bundan əvvəl bəyannaməyə istinadın Konstitusiyadan çıxarıla biləcəyini istisna etməmişdi. Ermənistan Baş naziri Nikol Paşinyan isə 2026-cı ildə tamamilə yeni Konstitusiyanın qəbul olunacağını açıqlayıb. Qeyd edək ki, Ermənistan Konstitusiyasına müvafiq dəyişiklik yekun sülh sazişinin imzalanması üçün Azərbaycanın tələbidir.
Politoloq İlqar Vəlizadə də Sherg.az-a deyib ki, yekun sülhün imzalanması üçün Azərbaycanın yeganə şərti Ermənistan Konstitusiyasında dəyişiklik edilməsi ilə bağlıdır. Analitikə görə, İrəvan hökuməti istəsə, bu şərti yaxın günlərdə yerinə yetirə bilər:
 "Baxmayaraq ki, Paşinyanın komandasından ara-sıra fərqli bəyanatlar səsləndirilir, ancaq Ermənistan hökuməti özü bəyan edib ki, ölkənin yeni Konstitusiyaya ehtiyacı var. Hansı səbəbdən bunu edəcəklərinin bizim üçün fərqi yoxdur. Böyük ehtimal, ən uzağı, 2 il ərzində yeni Konstitusiyanı qəbul edəcəklər. Yeni Konstitusiyada Azərbaycanla bağlı heç bir iddia olmayacaq. Bu da yekun sülh sazişinin imzalanmasının önündə hansısa əngəlin qalmaması demək olacaq. Ümumən, hesab edirəm ki, Nikol Paşinyanın bütün imkanları var ki, 2026-cı ildə keçiriləcək parlament seçkilərində rəqiblərinə qalib gəlsin və islahatları başlatsın. Düzdür, müxalifətin əlində iqtisadi imkanlar var. Ancaq təkcə maliyyə ilə Paşinyan hökumətini geri addım atmağa məcbur etmək qeyri-mümkündür. Xarici ölkələrlə, Rusiya ilə müəyyən sövdələşmələr ola bilər. Onların təsiri ilə revanşistlərin bəzi addımlar atma ehtimalı var. Lakin bu addımların effektli, təsirli olacağını söyləmək olmaz. Yəqin ki, bütün cəhdlər uğursuzluqla nəticələnəcək. Paşinyan çox güman ki, hakimiyyətdə qalacaq. Ermənistan da Azərbaycanın şərtlərini nəzərə almaqla, sülh müqaviləsini imzalayacaq".