Burak Aydın: TRİPP layihəsi bölgədə sülhün qorunmasına xidmət edəcək

Regional inteqrasiya Ermənistan, Azərbaycan, Türkiyə, İran və Gürcüstan arasındakı əlaqələri modernləşdirəcək

Amma belə bir məqam var ki, yol bizim, yəni türklərin də nəzarətində olacaq

Cənubi Qafqazda son dövrdə baş verən siyasi və diplomatik proseslər regionun gələcək təhlükəsizlik, iqtisadi əməkdaşlıq və nəqliyyat əlaqələrinin necə formalaşacağı məsələsini yenidən gündəmədə saxlayır. Azərbaycan, Ermənistan və bölgədə maraqları olan digər dövlətlər arasında münasibətlərin normallaşması fonunda yeni əməkdaşlıq imkanları və regional kommunikasiyaların inkişafı ilə bağlı təşəbbüslər xüsusi diqqət çəkir. Ən diqqət çəkən məqam isə TRİPP layihəsinin gələcəyidir. 

Siyasi araşdırmaçı və yazar Burak Aydın Sherg.az-a TRİPP layihəsindən danışıb:

"2025-ci ilin avqustunda Ermənistan və Azərbaycan arasında Vaşinqtonda imzalanan sülh deklarasiyası ilə TRİPP layihəsi ortaya çıxdı. Bu layihə beynəlxalq ictimaiyyətdə Ermənistan və ABŞ-nin ikitərəfli layihəsi kimi müəyyənləşdirilir. Belə ki, bunu bir şirkət həyata keçirəcək. Yaradılacaq inkişaf şirkətinin 74 faizi ABŞ-yə, 26 faizi isə Ermənistana məxsus olacaq. Yəni bu layihədən hər iki tərəf, belə demək mümkündürsə, çörək qazanacaq. İstismar müddəti 49 il olacaq və daha 50 il uzadılması imkanı nəzərdə tutulacaq. Suverenlik məsələsi də belə olacaq. Ermənistan hər mərhələdə öz ərazi bütövlüyünü və məhkəmə yurisdiksiyasını qoruyacağını vurğulayır. Suverenlik prinsipinin əsas şərt olduğunu bildirir. Amma burada belə bir məsələ var. Nəticə etibarilə bu layihə Azərbaycan ərazilərini Ermənistan ərazisi üzərindən bir-birinə bağlayacaq layihədir. İndi insanlar, bu məsələni bir qədər qəribə qarşılayırlar. Yəni Ermənistan necə oldu ki, öz suverenliyindən belə bir güzəştə gedə biləcək vəziyyətə gəldi? Çünki nəticədə ABŞ texniki olaraq Ermənistan ərazisinə investisiya qoymuş olacaq".

Analitik investisiyada Ermənistanın da maddi baxımdan marağının olacağını deyib: 

"Ermənistana yaxşı investisiya gələcək. Ona görə də ermənilər bu məsələdə geri durmurlar. Hətta Azərbaycan ərazilərinin birləşməsi baş verəcək olsa belə, layihənin həyata keçirilməsinin tərəfdarıdırlar. Bu məsələyə belə də baxa bilərik. Azərbaycan Xarici İşlər Nazirliyinin məlumatına görə, 2026-cı ilin sonunda fiziki işlərin başlanması gözlənilir. Azərbaycan öz ərazisindəki dəmir yolu və avtomobil yolunu 2027-ci ilin əvvəlində Ermənistan sərhədinə çatdırmağı hədəfləyir. Paşinyanın tələbi isə belədir: Naxçıvan və Ermənistan ərazilərindən, eləcə də Türkiyə üzərindən gələcək dəmir yollarının yenidən qurulması. Ermənistan tərəfi deyir ki, dəmir yollarını tamamilə yenidən quraq".

Müsahibimiz layihənin regional baxımdan da böyük faydalarının olacağını bildirib:

"Regional inteqrasiya Ermənistan, Azərbaycan, Türkiyə, İran və Gürcüstan arasındakı əlaqələri modernləşdirəcək. Bəli, biz müharibəni geridə qoyduq. Düşmənçiliklərimiz onsuz da var. Tarixən yaşadığımız müəyyən ağrılarımız var. Amma nəticə etibarilə bu bölgədə dövr etməli olan ticarət də var. Biz bunu dövriyyəyə buraxmasaq, başqa güclər dövriyyəyə buraxacaqlar. Yəni bu o deməkdir ki, biz türklər, yəni Türkiyə və Azərbaycan bu məsələdə söz sahibi olacaq gücdə olmalıyıq. Bu yol Çindən Avropaya gedən Orta Dəhliz yaradacaq. Avropanın xammala, ticarət məhsullarına olan ehtiyacı ortadadır. Asiyadan Avropaya gedəcək böyük ticarət yolunun nəzarəti türklərdə olmuş olacaq. Yol Yaxın Şərqlə Qara dənizi bir-birinə bağlayacaq".

B.Aydının sözlərinə görə TRİPP dövlətlər arasında davam edən sülhü qoruyacaq amil olacaq: 

"Ermənistan artıq ətrafdakı xalqlara, ətrafdakı dövlətlərə istədiyi kimi terrorçu şəkildə hücum edə bilməyəcək. Çünki onun da çörək yediyi layihə olacaq. Heç kim yediyi çörəyə toxunmaq istəməz. Bu, Ermənistana pul gətirəcək bir layihə olacağı üçün Ermənistan bu tərəfdaşlığı pozmaq istəməz. Bu layihə, bəli, bəlkə də təəssüf ki, ABŞ kimi qlobal bir gücü və əslində bu coğrafiyanın tərəfi olmayan bir gücü bölgəyə daxil edəcək. Amma belə bir məqam var ki, yol bizim, yəni türklərin də nəzarətində olacaq. Məsələn, Qarabağın işğalına baxdıqda, yenə başqa bir qlobal güc olan Rusiya da region üzərində söz sahibi idi. Təssüf ki, həmin dövrdə bizim-türklərin bunun üzərində nəzarəti yox idi. İndi isə amerikalılar müttəfiqimiz, tərəfdaşımız kimi gələcəklər. Əslində layihə hamımızın layihəsi olacaq. Eyni zamanda, bölgədə sülhün, dövlətlər arasındakı münasibətlərin asanlıqla pozulmamasını təmin edəcək bir layihə olacaq".