Politoloq: Sülh prosesində ciddi irəliləyiş var

 Azərbaycan və Ermənistan arasında görüşlər artıq üçüncü ölkəyə ehtiyac olmadan aparılır

 

Türkiyə-Ermənistan sərhədləri yaxın perspektivdə açıla bilər

"Ermənistanla Türkiyə arasında sərhədin tam açılması regionda kommunikasiyaların açılması zəncirinin növbəti mühüm həlqəsidir". Bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Vyanada ATƏT Nazirlər Şurasının 32-ci sessiyasındakı çıxışında deyib. Mirzoyan qeyd edib ki, Ermənistan, Azərbaycan və ABŞ liderlərinin 2025-cü il avqustun 8-də Vaşinqtonda imzaladığı bəyannamə tarixi əhəmiyyət kəsb edir: "ATƏT-in məsuliyyət zonasındakı ən qeyri-sabit və müharibə şəraitində olan regionlardan birində sülhün bərqərar olduğu bəyannamə". O xatırladıb ki, tərəflər Ermənistan-Azərbaycan sülh sazişini də paraflayıb və ATƏT-in fəaliyyətdə olan sədrinə münaqişənin yekun simvolu kimi Minsk prosesinin strukturlarını ləğv etməyi birgə təklif ediblər. Nazirin sözlərinə görə, Vaşinqton Sammiti regional kommunikasiyalar, ölkədaxili, ikitərəfli və beynəlxalq əlaqələrin təmin edilməsi, o cümlədən Cənubi Qafqazın təhlükəsiz logistika mərkəzinə çevrilməsinə yönəlmiş “Tramp yolu”nun həyata keçirilməsi üçün real imkanlar açıb. Mirzoyan Azərbaycanın Ermənistana tranzit məhdudiyyətlərini aradan qaldırmaq barədə açıqlamasını alqışlayıb: "Birbaşa və praktiki nəticə olaraq, Azərbaycan-Gürcüstan-Ermənistan dəmir yolu marşrutu ilə artıq ilk taxıl yükləri Ermənistana gəlib". Nazir Ermənistan da öz növbəsində Türkiyədən Azərbaycana və Azərbaycandan Türkiyəyə yük maşınlarının tranzitini təmin etməyə hazır olduğunu bəyan edib: "Təqdim etdiyim zəncirdə Ermənistan və Türkiyə arasında sərhədin tam açılması regionun transformasiyası prosesini başa çatdıracaq növbəti mühüm həlqədir. Biz Türkiyə ilə ikitərəfli münasibətlərin tam normallaşmasına yönəlmiş dialoqu fəal şəkildə davam etdiririk. Bununla əlaqədar nəzərinizə çatdırmaq istərdim ki, bir neçə gün əvvəl iki ölkənin müvafiq qurumlarının nümayəndələri texniki müzakirələrin ikinci mərhələsini keçiriblər".

Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə Sherg.az-a deyib ki, Türkiyə -Ermənistan sərhədləri yaxın perspektivdə açıla bilər. Ekspert bildirib ki, Ermənistan və Türkiyə arasında aparılan danışıqlarda ciddi siyasi irəliləyişlər əldə olunub:

"Məhz Ermənistanda seçkilərə yaxın vaxtlarda iki ölkə arasında sərhədlər açıla bilər. Hazırda N.Paşinyan bunun üçün Ankara ilə ciddi danışıqlar aparır. Paralel olaraq Azərbaycanın razılığını almağa çalışır. Azərbaycan və Ermənistan rəsmilərinin görüşlərində sülh prosesi, iki ölkə arasında diplomatik danışıqlar və Türkiyə-Ermənistan sərhədlərinin açılması ilə bağlı danışıqlar aparılması mümkündür. Azərbaycan və Ermənistan arasında yüksək səviyyədə qarşılıqlı səfərlər həyata keçirilir. Artıq iki ölkə rəsmilərinin üçüncü ölkədə görüşünə ehtiyac yoxdur. Ötən həftə Ermənistan baş nazirinin müavini M.Qriqoryanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə Qəbələdə görüş keçirildi. Ümumiyyətlə, Türkiyə-Ermənistan sərhədlərinin açılması Paşinyanın daxili siyasi mövqeyini gücləndirməklə yanaşı, Rusiya orbitindən çıxmasını daha da tezləşdirə bilər".