Ermənistanda məişət zorakılığı ilə mübarizə məsələsi siyasi gündəmdə də müzakirələrə səbəb olub. Baş nazir Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyanın Cinayət Məcəlləsində məişət zorakılığının ayrıca cinayət kimi müəyyən edilməsi və buna görə cəzaların artırılması ilə bağlı təşəbbüsünü müxalifət fraksiyalarının rəhbərləri birmənalı qarşılamayıb. Akopyanın qanun layihəsini müzakirə etmək üçün müxalifət nümayəndələrinə etdiyi görüş təklifini “Güclü Ermənistan” və “Ermənistan” fraksiyalarının rəhbərləri rədd edib. Bu isə təşəbbüsün hüquqi tərəfi ilə yanaşı, onun siyasi müstəvidə də müzakirə olunmasına səbəb olub.
Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas-alim Qafar Çaxmaqlı Sherg.az-a mövzunu şərh edib:

"Paşinyanın həyat yoldaşı Anna Akopyan millət vəkili deyil. Onun qanun təklifi irəli sürməsinin heç bir əsası yoxdur. Yəni, onun qanun hazırlayıb məclisə təqdim etməsi doğru addım deyil. Amma Anna Akopyan birinci ledi kimi, yəni Paşinyanın həyat yoldaşı kimi özünü göstərmək istəyir ki, Ermənistanda zorakılıq halları mövcuddur, qadınlarla bağlı bəzi məsələlər var. Onlara qarışmaq istəyir. Amma qanun layihəsi ilə bağlı bu təklifi o verə bilməz. Vətəndaş Müqaviləsi fraksiyasının millət vəkillərindən biri və yaxud fraksiyanın özü belə bir qanun təklifi ilə çıxış edə bilər. Amma müxalifət- Güclü Ermənistan və Hayastan fraksiyaları Paşinyan hakimiyyətini həzm etmədiklərinə görə, onun həyat yoldaşının belə bir təkliflə çıxış etməsini kəskin tənqid edirlər. Bu da Ermənistan cəmiyyətində fikir plüralizminin vacib cəhətlərindən biri kimi ortaya çıxa bilər. Cinayət Məcəlləsində məişət zorakılığı ilə bağlı cinayət məsələləri mövcuddur. Onlara dəyişiklik edilməlidir".
Professor vurğulayıb ki, bu dəyişikliklərin edilməsi parlamentdə müzakirəyə çıxarılarsa, parlamentdə çoxluğu əldə etmiş Paşinyan hakimiyyətinin Vətəndaş Müqaviləsi fraksiyası bunu edə bilər:
"Burada elə ciddi bir problem yoxdur. Amma onu bir qarşıdurma halına gətirmək üçün müxalifətin əlinə fürsət düşüb. Anna Akopyanın bu addımına guya etiraz edirlər. Hesab edirlər ki, qanun layihəsinin ehtimal ki, qəbul edilməsi mümkün olmayacaq. Onlar buna etiraz edəcəklər. Bu da parlamentdə normal hal hesab oluna bilər. Bu, Ermənistan cəmiyyəti və Ermənistanda gedən proseslər üçün o qədər də əhəmiyyətli məsələ deyil".