İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün əsas prioritetdir -ŞƏRH

İnanırıq ki, COP29 çərçivəsində dünyanın xilası naminə vacib qərarlar qəbul ediləcək

  Ölkəmizdə keçirilən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyası işini uğurla davam etdirir.  Dünya miqyaslı, bəşəri əhəmiyyətə malik tədbirin Azərbaycanda keçirilməsi ölkəmizin dünyada artan nüfuzunun, imicinin ən yüksək göstəricisidir

“Sherg.az"a açıqlamasında iqtisadçı Fuad İbrahimov qeyd etdi ki, ölkəmizin neft-qaz istehsalçısı və ixraçatçısı olması və zəngin enerji resurslarına malik olması bu mötəbər tədbirin  Azərbaycanda keçirilməsinin qarşısını ala bilmədisə, bu, dövlətimizin dünya siyasətində öz qəti sözünü deyə bildiyi və tam müstəqil siyasət yürütdüyünə sübutdur: 
-  BMT bu cür tədbirləri adətən enerji resurslarına malik olmayan, yəni atmosferə daha az karbon emissiyaları ötürən ölkələrdə keçirməyə çalışır. Amma reallıq budur ki, dünyanın bir sıra dövlətlərinin enerji resurslarına hələ də çox ehtiyacı var və ehtiyaclarını ödəmək üçün bu resurslara malik ölkələrə müraciət edir, alıcı kimi çıxış edirlər. Bu, dəyişməz reallıqdır. Qalır, sadəcə, karbon emissiyalarını maksimum azaltmaq, iqlimə, atmosferə dəyə biləcək ziyanı minimuma endirmək. Azərbaycansa son illərdə, xüsusən də Ermənistanın 30 ilə yaxın işğal altında saxladığı və hər cür eko-terror törətdiyi torpaqları azad etdikdən sonra “yaşıl enerji”yə keçid və “Ağıllı şəhər”, “Ağıllı kənd”  layihələrini icra etməklə atmosferin çirklənməsini minimuma endirir.  Təsadüfi deyil ki, cənab Prezident İlham Əliyev 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan etdi. Bu il ərzində “yaşıl dünya” naminə həqiqətən də ölkədə bir çox irimiqyaslı layihələr həyata keçirilib və keçirilməkdədir. Dünya dövlətləri də bunu görür, ölkəmizə gələn qonaqlar da. BMT-nin COP29-un Azərbaycanda keçirilməsi qərarı da təmsilçi dövlətlər tərəfindən yekdilliklə qəbul olunub.  Və bu gün biz dünyanın xilası naminə minlərlə insanın Bakıya toplaşdığına şahidlik edirik.         

  COP29-da qəbul olunacaq qərarlara gəlincə, F.İbrahimov qeyd etdi ki, sessiyanın növbəti iş günü bir sıra mühüm tədbirlərlə, təşkil olunan panel müzakirələrlə yadda qaldı:
 - COP29 çərçivəsində “Azərbaycan Respublikası, Qazaxıstan Respublikası və Özbəkistan Respublikası hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş” imzalanıb. Bu, son dərəcə vacib bir razılaşmadır. Və yaşıl enerjinin daha geniş areala yayılmasına hesablanıb.  Maliyyə, İnvestisiya və Ticarət Günü çərçivəsində COP29-da Azərbaycan Mərkəzi Bankı tərəfindən "Dünyada dayanıqlı maliyyələşdirmənin təşviqi: dayanıqlı maliyyələşdirmə taksonomiyalarının uyğunluğu və müqayisəliliyi üzrə Yol Xəritəsi" mövzusunda panel müzakirə keçirilib. COP29-un ilk iş günü vacib qərarlardan biri - karbon ticarəti bazarlarını tənzimləyən standarlar haqqında qərar qəbul olundu. Bu, ona görə önəmlidir ki, 10 ildən artıqdır bu qərar qəbul edilmirdi.  Son üç COP konfransları zamanı bununla bağlı cəhdlər edilib, lakin qərar qəbul edilməyib. Azərbaycanda isə bu qərar tədbirin ilk günü qəbul edildi.  Buna səbəb konfrans çərçivəsində konstruktiv  mühitin yaradılmasıdır. Bundan başqa, Dünya Bankı, Avropa Yenidənqurma və İnkişaf Bankı, Beynəlxalq Valyuta Fondu və digərləri ortaq bəyanatla çıxış etdilər. Azərbaycan tərəfi ilin əvvəlindən etibarən bu banklara müraciət edirdi ki, iqlimlə bağlı məbləği, etdikləri yardımı və investisiyanı artırsınlar. Nəticədə, məbləğ 75 milyarddan 170 milyarda qaldırıldı. Bu, çox böyük əhəmiyyətli rəqəmdir. Artıq dünəndən etibarən beynəlxalq aləmdə bu məsələ müzakirə edilir, COP29-da mühüm qərarların qəbul olunduğundan danışılır. İsveç hökuməti İtki və Zərər Fonduna 19 milyon ABŞ dolları yatırdığını elan edib. COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb. COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasıdır. Yəni iqlim maliyyəsinin yaradılması fəaliyyət üçün əsas prioritetdir. Qlobal istiləşməni 1,5°C-dək məhdudlaşdırmağı nəzərdə tutan kollektiv öhdəliyin təsdiqlənməsi də gözlənilir. İnanırıq ki, COP29 çərçivəsində dünyanın xilası naminə vacib qərarlar qəbul ediləcək. Məsələ burasındadır ki, enerji resursları vasitəsilə varlanan ölkələr iqlim dəyişmələrinə qarşı daha böyük öhdəliklər götürməli və daha çox maliyyə ayırmalıdırlar. Azərbaycan bu məsələdə kənara çəkilmir, müzakirələrə geniş müstəvi yaratmaqla qlobal problemin həllində maraqlı tərəf kimi çıxış edir və yardıma hazır olduğunu bildirir. Digər dövlətlər də məsuliyyətlərini dərk edərək qlobal böhrana yetərincə dəstək verməlidirlər.