Aydın Hüseynov: COP30-un çətinlikləri təsdiq etdi ki, düzgün siyasi iradə və peşəkar təşkilatçılıq olmadan qlobal məqsədlərə çatmaq mümkün deyil
Son illər qlobal iqlim gündəliyi və beynəlxalq əməkdaşlıq prosesləri bir sıra mühüm mərhələlərlə yadda qalıb. Xüsusilə COP29 və COP30 konfransları, iştirakçı ölkələrin mövqelərinin formalaşması, qlobal iqlim maliyyəsi və öhdəliklərin bölüşdürülməsi baxımından diqqət çəkən hadisələrdir. COP29 konfransı Azərbaycanın ev sahibliyi ilə keçirilib və müxtəlif ölkələrin nümayəndələrini bir araya gətirərək bir sıra mühüm qərarların qəbul olunmasına imkan yaradıb. Əksinə, COP30 zamanı təşkilati və əməliyyat çətinlikləri müəyyən rol oynayaraq konfransın gedişatına təsir göstərib. Bu iki konfrans arasındakı fərqlər liderlik, təşkilati hazırlıq və qlobal proseslərin idarə olunması aspektlərində də müşahidə olunur.
Millət vəkili Aydın Hüseynov Sherg.az-a açıqlamasında COP29-un təkcə Azərbaycanın diplomatik qələbəsi deyildi, eyni zamanda iqlim gündəliyində yeni mərhələnin başlanğıcı olduğunu söyləyib:

"Dünyanın 190-dan çox ölkəsini bir araya gətirən qlobal platforma kimi COP29, həm təşkilati mükəmməlliyi, həm proseslərin şəffaf və peşəkar idarə olunması, həm də əldə edilən nəticələrin miqyası baxımından son illərin ən yaddaqalan iqlim konfransına çevrildi. Bu uğurun arxasında isə açıq şəkildə görünən əsas faktor- Azərbaycanın siyasi iradəsi və Prezident İlham Əliyevin qətiyyətli liderliyidir. Konfrans ərəfəsində bir çoxlarının “təhlükəli suallar” adlandırdığı əsas məsələlər-yeni qlobal iqlim maliyyəsi hədəfinin müəyyənləşdirilməsi, inkişaf etmiş və inkişaf etməkdə olan ölkələr arasında öhdəliklərin bölgüsü, adaptasiya mexanizmlərinin gücləndirilməsi Bakıda konsensusla həll olundu. Bu, bir tərəfdən Azərbaycanın çoxtərəfli diplomatiya mədəniyyətinin, digər tərəfdən isə Prezident İlham Əliyevin tərəfləri bir masa arxasında toplaya bilən siyasi nüfuzunun nəticəsi idi. Konfransda qəbul edilən qərarlar, o cümlədən inkişaf etməkdə olan ölkələr üçün iqlim maliyyəsinin artırılmasına dair razılaşma, həm qlobal iqlim proseslərinə dinamika verdi, həm də Bakını “qərar qəbul edilən yer” nüfuzu ilə dünya xəritəsinə yazdı".
Deputat COP30-un COP29-dan fərqli mənzərə yaratdığını bildirib:
"Belem konfransı təşkilati baxımdan ardıcıl problemlər yaşadı: infrastruktur çatışmazlığı, məhdud yerləşmə imkanları, yüksək xərclər və iştirakçı axınının idarə olunmasında çətinliklər konfransın ümumi ab-havasına təsir etdi. Bundan əlavə, COP29-da əldə edilmiş maliyyə razılaşmalarının praktiki tətbiqi mərhələsində yaranan boşluqlar, zəngin ölkələrin öhdəlikləri ilə bağlı tərəddüdlər, inkişaf etməkdə olan ölkələrin narazılıqları COP30-u daha gərgin etdi. Nəticədə iki konfrans arasındakı fərq yalnız coğrafiyada deyil, həm də atmosferdə, ritmdə və siyasi nəticələrdə özünü göstərdi. Burada diqqətdən qaçmayan mühüm məqam odur ki, COP30-un çətinlikləri fonunda COP29-un uğuru daha da aydın görünür. Bakıda əldə edilən balans, dialoq mədəniyyəti və tərəflərin etimadını qazanmaq bacarığı sonrakı konfrans üçün dayaq nöqtəsinə çevrildi. COP29-un yaratdığı “Bakı ruhu”-yəni kompromisə hazırlıq və praktiki nəticələrə yönəlik iradə COP30-da tez-tez istinad edilən mənbələrdən biri oldu. Prezident İlham Əliyevin rolunu xüsusi qeyd etmək vacibdir. Onun rəhbərliyi altında Azərbaycan həm qlobal prosesdə təşəbbüskar mövqeyə yüksəldi, həm də iqlim diplomatiyasının yeni modelini nümayiş etdirdi: real nəticələrə hesablanmış, tərəflərin maraqlarını toqquşdurmayan, əksinə, birləşdirən yanaşma. Bu, Azərbaycanın beynəlxalq imicini genişləndirməklə yanaşı, COP29-un tarixə diplomatik uğur nümunəsi kimi düşməsinə səbəb oldu".
Milli Məclisin nümayəndəsi COP29 və COP30 arasındakı fərqlərin mahiyyətinin sadəcə təşkilati səviyyə ilə ölçülmədiyini qeyd edib:
"Məsələ, liderlik göstərmə qabiliyyəti, konsensus yaratmaq bacarığı və qlobal proseslərə məsuliyyətli yanaşma ilə bağlıdır. Bu mənada COP29-un uğuru həm Azərbaycanın dövlət idarəçiliyinin gücünü nümayiş etdirdi, həm də Prezident İlham Əliyevin beynəlxalq arenada etibarlı tərəfdaş obrazını daha da möhkəmləndirdi. COP30-un çətinlikləri isə bir daha təsdiq etdi ki, düzgün siyasi iradə və peşəkar təşkilatçılıq olmadan qlobal məqsədlərə çatmaq mümkün deyil".