Fransa Prezidenti Emmanuel Makron ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüş olacaq. Bu barədə Fransa prezidenti BFM telekanalının canlı efirində jurnalistin sualını cavablandırarkən məlumat verib.
Emmanuel Makron qeyd edib ki, görüş avqustun 19-da prezidentin yay iqamətgahı olan “Fort de Bregancon”da keçiriləcək.
Görüş barədə “Şərq”ə danışan politoloq Tofiq Abbasov bildirdi ki, Rusiya-Fransa münasibətlərində yeni perspektivlər formalaşıb.
Onun sözlərinə görə, Donald Trampın Avropa İttifaqına (Aİ), xüsusilə də həmin ittifaqın aparıcı dövlətlərinə müharibə elan etməsi Fransanı, Almaniyanı, Böyük Britaniyanı alternativ tərəfdaşların axtarışına sövq edir:
“Trampın dövrünə qədər Aİ Amerikanın sözünü eşidirdi və onun tələbləri ilə oturub-dururdu. Düzdür, istər Obamanın, istərsə də Klintonun dövründə Avropaya elə də təzyiqlər edilmirdi. Yəni ABŞ müttəfiqlik yanaşması hesabına Avropanın istəklərini nəzərə alırdı. Amma indi tam başqa bir dövr formalaşıb. Çünki Tramp daxildəki iqtisadi siyasətini gücləndirməklə ilk növbədə tərəfdaşlardan gələn mallara təzyiq edirdi. Bu da istər-istəməz istehsalçıların zərərə düşməsi ilə nəticələnirdi. Ona görə də indi Aİ Çin və Yaponiya istiqamətində yeni konsepsiyanın formalaşmasına qərar verib. Məsələn, Rusiyanın atom silahı ilə bağlı Vyanada böyük danışıqlar gedir. Avropa öz siyasətində elə addımlar atır ki, Vaşinqtonun tələblərindən bir qədər kənara çıxsın. Bu baxımdan Rusiyaya lazım olan yüksək texnologiyalardır ki, onları da Fransa şirkətləri istehsal edir. Söhbət ilk növbədə neft-kimya sahəsi ilə bağlıdır. Amerika isə həmin qəbildən olan texnologiyanı vermir.Fransa isə bu prosesdə demək olar ki, Rusiyanın istəklərinə cavab verə bilər”.
Politoloq Rusiya ilə Fransanın maraqlarının kəsişdiyini də vurğuladı:
“Rusiya yavaş-yavaş Fransa şirkətləri ilə münasibətlərini genişləndirib. Silah-sursat alverində Rusiya və Fransanın maraqları üst-üstə düşür. Düzdür, onlar rəqibdir. Amma buna baxmayaraq hər iki ölkə centlmensayağı rəqabət aparırlar. Çünki ABŞ bu sahədə birinci, Fransa ikinci, Rusiya isə üçüncü yerdədir. Düşünürəm ki, avqustda önəmli danışıqlar olacaq. Çünki Prezident Makronun özünün də siyasi durumu yaxşı deyil. Söhbət təkcə "sarı jiletlilər"in nümayişlərindən getmir. Fransanın özündə bəzi qüvvələr məhz Amerikaya bağlı mərkəzlərdir. Ona görə də bunu bilən Makron çalışır ki, Rusiya ilə münasibətlərində həm də özünün siyasi durumunu möhkəmlətsin. Yəni bu görüşdə ikitərəfli münasibətlərin inkişafı üçün böyük zəmin var.
Hər iki tərəf çalışır ki, keçiriləcək görüşdən maksimum yararlansın”.