Suriyada əhali arasında ciddi yoluxucu xəstəliklərin yaranma təhlükəsi olduqca yüksəkdir


Suriyada, xüsusilə ölkənin İdlib və Hama bölgələrində əhali arasında ciddi yoluxucu xəstəliklərin yaranma təhlükəsi olduqca yüksəkdir.

AZƏRTAC xəbər verir ki, bu barədə Sərhədsiz Həkimlər Təşkilatının Suriya bölgəsində fəaliyyət göstərən əməkdaşları məlumat veriblər. Həkimlər bölgədə davam edən müharibə şəraiti və bombardmanlardan qaçan insanların müvəqqəti məskunlaşma yerlərinin həddindən artıq dolu olduğunu bildiriblər. Onlar burada gigiyena qaydalarının kobud şəkildə pozulduğunu və içməli su qıtlığının kritik həddə çatdığını, bu səbəbdən yoluxucu xəstəliklərin yaranma riskinin həddindən artıq yüksək olduğunu qeyd ediblər. Mütəxəssislər sığınacaqlarda müvəqqəti məskunlaşanlar arasında ishal və qusma hallarının kritik həddə çatdığını deyiblər. Təşkilatdan verilən məlumata görə, bu il bölgədə ən çox ölüm və yaralanma halları iyul ayında qeydə alınıb.

Həkimlər Suriyanın bu şəhərlərində hava bombardmanları səbəbindən xəstələrin xəstəxanalarda qalmaqdan qorxduqlarını, hətta təşkilatın bəzi bölmələrinin fəaliyyətinin bir müddət dayandırıldığını da bildiriblər.

Qeyd edək ki, son üç ayda Suriyanın həmin şəhərlərindən təxminən 450 min nəfər Türkiyə ərazisinə keçib.