ABŞ-ın İrana qarşı koalisiya siyasəti uğur qazanmayacaq - EKSPERT

Böyük Britaniya və Fransanın növbəti  oyunlardan uzaq durması buna əsas verir

Böyük Britaniya və Fransa ABŞ-ın İrana qarşı koalisiya qurmaq təklifi ilə razılaşmayıb. “Le Mond” nəşrinin məlumatına görə, İran tərəfinin Böyük Britaniyaya məxsus “Stena İmpero” gəmisini saxlamasından sonra Vaşinqton Avropa, Cənubi Koreya və Yaponiyaya koalisiya yaratmaq təklifi göndərib. Lakin rəsmi Paris bu cür addımların regionda gərginliyi artıra biləcəyini açıqlayıb və təklifdən imtina edib.
Həmçinin, Berlin də analoji addımı ataraq Amerikanın istəyinə rədd cavabı verib. Tərəflərin təklifi geri çevirməsi Ağ Evi hiddətləndirib. Göründüyü kimi, Vaşinqton İrana qarşı müttəfiq toplamağa səy göstərsə də, indiki məqamda buna nail ola bilmir. Bəs Avropa ölkələrini İrana qarşı koalisiyaya qoşulmaqdan çəkindirən əsas və real amillər nələrdir? 

Mövzunu “Şərq”ə dəyərləndirən politoloq Elçin Xalidbəyli deyib ki, ABŞ-ın analoji koalisiya yaratmaq cəhdləri ilk dəfə müşahidə edilmir.


 Ekspertin sözlərinə görə, buna qədər İraq və Suriya ilə bağlı da Ağ Ev öz müttəfiqlərini koalisiya daxilində toplamağa çalışıb: “ABŞ adətən, öz maraqlarına cavab verən bütün beynəlxalq münaqişələrlə bağlı koalisiya modelinə üstünlük verir. Əsas səbəbi isə hər şey Amerikanın maraqları çərçivəsində cərəyan etsə də, Ağ Evin bütün məsuliyyəti digər dünya dövlətləri ilə paylaşmaq istəyidir. Vaşinqton İranla bağlı da eyni senarini reallaşdırmağa cəhd göstərir. Yəni Fars körfəzində vəziyyəti mümkün qədər gərginləşdirməyə çalışır. Yenə də əsas məqsəd baş verə biləcək mənfi olayların beynəlxalq məsuliyyətini digər dünya dövlətləri ilə paylaşmaqdır”. Analitik vurğulayıb ki, nüfuzlu dünya dövlətləri ABŞ-ın ikibaşlı oyunlarında iştirak etmək istəmirlər: “Onlar hər dəfə belə koalisiyaların yaradılmasından sonra zərərçəkən tərəf rolunu oynamaqdan beziblər. Üstəlik, əksər Avropa dövlətlərinin, o cümlədən Almaniya və Fransanın İranda maliyyə-iqtisadi və enerji təminatı maraqları var. Ona görə də bu dövlətlər Vaşinqtonun koalisiya təkliflərinə soyuq yanaşırlar. Hər halda, Amerikanın maraqları naminə İrana qarşı birləşdikdən sonra ortaya çıxacaq maliyyə-iqtisadi ziyanın əhəmiyyətli hissəsinin həmin dövlətlərin üzərinə düşəcəyini çox gözəl anlayırlar. Bu önəmli səbəblər Avropa dövlətlərini növbəti koalisiya oyunlarından uzaq durmağa sövq edir. Ona görə də ehtimal etmək olar ki, Ağ Evin İrana qarşı beynəlxalq koalisiya qurmaq cəhdlərinin uğur qazanma şansları o qədər də yüksək deyil”.