Yaponiyanın “NEC” korporasiyası sərnişinlər üçün nəzərdə tutulmuş pilotsuz təyyarə prototipinin uçuş sınaqlarını keçirib.
Lent.az “ictnews”a istinadla xəbər verir ki, qısa nümayiş uçuşu Tokionun ətrafında yerləşən sınaq poliqonunda keçirilib: təxminən 3 metr hündürlüyə qalxan "uçan avtomobil" 1 dəqiqə havada qalıb və sonra yerə enib.
Aparat təhlükəsizlik məqsədilə hər bir tərəfi hasarlanmış "qəfəs"də sınaqdan keçirilib, onun quyruq hissəsi isə burazla yerə bağlanıb. Bundan başqa, hava nəqliyyatının bortunda heç kim olmayıb.
"Yaponiya – əhalisi sıx məskunlaşmış ölkədir, bu səbəbdən uçan avtomobillər ictimai yollara düşən yükü xeyli azalda bilər" – “NEC” layihəsinin rəhbərlərindən biri olan Kudji Okada deyib.
Yaponiya hakimiyyətinin gözləntisinə görə, 2023-cü ilədək belə pilotsuz təyyarələr malların çatdırılması, sonralar isə sərnişin daşınması ilə məşğul olacaq. “NEC”-in tərəfdaşı olan “Cartivator” şirkəti 2026-cı ildə "uçan maşınlar"ın kütləvi istehsalına başlamağı planlaşdırır.