ABŞ məhkəməsi bir müddət əvvəl Cəbəllütariq rəhbərliyi tərəfindən buraxılmış İrana məxsus “Grace 1” tankerinin saxlanılmasına dair order verib.
APA “RİA Novosti”yə istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Ədliyyə Nazirliyi məlumat yayıb.
Nazirliyin məlumatına görə, Kolumbiya dairə məhkəməsi terrorçuluqla bağlı olduğu üçün tankerin, onun göyərtəsində olan bütün neft məhsulunun və 995 min dollar vəsaitin müsadirə olunmasına qərar verib. Məhkəmə burada ABŞ-ın “Beynəlxalq fövqəladə iqtisadi güclər haqqında”, “bank fırıldaqçılığı haqqında” və “pulların yuyulması haqqında”, eləcə də “fəaliyyət üçün müsadirə haqqında” qanunlarının pozulduğunu əsas gətirib.
Bildirilir ki, tanker ABŞ-ın terror təşkilatı elan etdiyi SEPAH-ın maraqları naminə İrandan Suriyaya neft daşıyırmış.
Qeyd edək ki, Böyük Britaniyaya məxsus Cəbəllütariqrəhbərliyi iyulun 4-də İranın “Grace 1” tankerinin Avropa Birliyi tərəfindən Suriyaya qarşı tətbiq olunmuş sanksiyanı pozduğundan şübhələnib. Araşdırma zamanı polislər gəmi kapitanını, onun böyük köməkçisini və daha iki heyət üzvünü saxlayıb. Avqustun 15-də isə İranın Londondakı səfiri Həmid Baidinejad “Grace 1” tankerinin Cəbəllütariqi tərk edəcəyini bildirib. Tankerin Cəbəllütariqdə azad olunmasını rəsmi Tehran diplomatiyanın qələbəsi və Ağ Ev siyasətinin süqutu kimi qiymətləndirib.
Cümə axşamı günü isə ABŞ Dövlət Departamenti “Grace 1” gəmisi ilə əlaqəsi olanları ciddi nəticələrin gözləməsi ilə hədələyib.