Bu gün Böyük Britaniya və Koreya Respublikası Birləşmiş Krallığın Avropa İttifaqının tərkibindən çıxmasından sonra qüvvəyə minəcək azad ticarət barədə sazişə imza atıblar.
AZƏRTAC Yonhap informasiya agentliyinə istinadla xəbər verir ki, sənədi Cənubi Koreyanın Ticarət naziri Yu Mön Hi və onun böyük britaniyalı həmkarı Elizabet Trass imzalayıb.
Krallığın Xarici Ticarət Nazirliyi tərəfindən yayılan məlumata əsasən, tərəflər arasında əldə olunan razılaşma Avropa İttifaqı və Cənubi Koreya arasında sazişin şərtlərini mümkün olduğu qədər təkrarlayaraq, biznesin ticarətdən əvvəlki kimi imtiyazlı şərtlərlə gəlir əldə etməsinə imkan yaradacaq.
Agentlik bildirir ki, 2017-ci ildə Böyük Britaniyanın 6,9 mindən çox müəssisəsi Cənubi Koreyaya ümumi həcmi 5,8 milyard funt-sterlinqə (7 milyard dollar) çatan məhsul ixrac edib. Cənubi Koreya isə öz növbəsində 2018-ci ildə Böyük Britaniyaya 6,4 milyard dollar həcmində məhsul ixrac edib ki, bu da bundan öncəki illə müqayisədə 21 faiz azdır.
Hazırda Birləşmiş Krallıq iqtisadi tərəfdaşları ilə Brexit prosesindən sonra azad ticarətin davam etdirilməsi barədə 13 saziş imzalayıb. Sazişlər ümumilikdə 38 ölkəyə aid olsa da, hələlik onların arasında Avropa İttifaqına üzv dövlətlər yoxdur.