Ötən il dünyanın böhran regionlarında 29 milyon körpə dünyaya göz açıb


BMT-nin Uşaq Fondunun (UNİCEF) hesablamalarına görə, ötən il dünyanın böhran regionlarında (Əfqanıstan, Somali, Suriya, Cənubi Sudan və Yəmən) 29 milyon körpə dünyaya göz açıb.

AZƏRTAC beynəlxalq təşkilatın Avstriya nümayəndəliyinə istinadla xəbər verir ki, dünyada yeni doğulan hər beş körpədən biri həyatının ilk dövrünü xaos, münaqişə, təhlükə və stres içərisində keçirməli olur. Qeyd edilən regionlarda yeni doğulan körpələr, həmçinin düzgün qidalanma və qayğı ilə təmin oluna bilmir, onlar həmyaşıdları ilə müqayisədə bir sıra psixi travmalar (qorxu, aqressiya, panika və s.) ilə böyüməli olurlar.

Təşkilatdan bildirilib ki, münaqişə bölgələrində doğulan körpələrin həyata ilk qədəmləri birbaşa təhlükə təsirləri ilə yanaşı, gələcəkdə uzunmüddətli nəticələrlə də müşayiət olunur. Beynəlxalq təşkilatın rəhbəri Henrietta For bildirib ki, bu körpələrin doğulduğu ailələrin ilk növbədə sülh, əmin-amanlığa ehtiyacı var, bu əmin-amanlıq əldə olunana kimi isə onları dəstəkləmək, mümkün qədər normal həyat şərtləri ilə təmin etmək lazımdır.