Estoniya polisi cinayətkarlıqda ittiham olunan bank rəhbərini axtarır

Estoniya polisi maliyyə cinayətlərində ittiham olunan Danimarkanın “Danske” bankının ölkə üzrə rəhbəri Ayvar Rexeni axtarışa verib.

AZƏRTAC xəbər verir ki, ötən ilin əvvəlində yaşanan və adı Estoniyada çirkli pulların yuyulmasında hallanan “Danske” ölkə üzrə nümayəndəliyinin rəhbəri ötən bazar ertəsi evindən çıxaraq bir daha geri qayıtmayıb. Estoniya polisi hesab edir ki, Ayvar Rexenin həyatı təhlükədə ola bilər. Özü ilə səhər gəzintisinə nə itini, nə də mobil telefonunu götürməyən keçmiş sədrin ailəsinin polisə rəsmi müraciətindən sonra axtarışlara başlanıb. Aparılan yoxlamalar belə deməyə əsas verir ki, A.Rexe Estoniyanı tərk etməyib.

“Danske” bankı ötən il Estoniyadakı filialı tərəfindən 220 milyard dollar vəsaitin eston rezidenti və ya vətəndaşı olmayan şəxslərin hesabına köçürüldüyünü açıqlamışdı. Bankın 56 yaşlı filial sədri bu işlərdə əli olduğunu inkar etmişdi.

Danimarka bankının bu qalmaqalı Baltikyanı ölkələrdə fəaliyyət göstərən və ən iri müştəri bazasına sahib olan daha iki Skandinaviya bankına da sirayət etmişdi. Bununla əlaqədar onlarda da ciddi araşdırmalar aparılmışdı. Nəticədə İsveçə məxsus “Swedbank” da eyni səbəbdən ittiham olunur.

Estoniya qanunvericiliyinə əsasən, ittihamlar təsdiqlənərsə “Danske” bankı cari ilin oktyabrında ölkədəki fəaliyyətini həmişəlik dayandıracaq.