Zori Balayanın nəvəsi Paşinyanın oğlunu döydü


Ermənistanın baş naziri Nikol Paşinyanın oğlu xidmət yoldaşları ilə münaqişə səbəbindən Yerevana aparılıb. Virtualaz.org bildirir ki, Ermənistanın "Qraparak" qəzeti baş nazirin oğlunun onlar tərəfindən döyüldüyünü yazıb.

Nəşr qeyd edir ki, kiçik Paşinyan Ermənistanda “nizam” quran atasının yolu ilə getməyə qərar verib. Hərbçi Aşot Paşinyan zabitlərə və xidmət yoldaşlarına irad tutub, onlar barəsində komandanlığa “donos” ötürüb.

“Qraparak”ın yazdığına görə, bu, həmkarları arasında kəskin narazılığa səbəb olub və onlar baş nazirin oğlunu döyüblər. Aşot Paşinyanı döyənlərdən biri də erməni terrorunun əsas təbliğatçısı Zori Balayanın nəvəsi olub.

Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovannisyan bu məlumatı tələsik təkzib edib. Lakin onun açıqlamasından belə nəticə çıxarmaq olar ki, Aşot Paşinyanla həmkarları arasında münaqişə hər halda olub.

""Qraparak" növbəti dəfə hər şeyi baş-ayaq təqdim edərək insanların taleyi ilə oynayır. Qardaşlarınızdan və ya köhnə dostlarınızdan soruşsanız, bu cür söhbətlərin bütün kollektivlər və qurumlar üçün xarakterik olduğunu təsdiqləyəcəklər; əsgərliyə təzə başlayanların hamısının uyğunlaşma problemləri və vaxtları olur, hansı ki, komandanlığın səriştəli işi sayəsində yoluna qoyulur. "Qraparak" bütün bunları kobud səhvlərlə və yolverilməz şəkildə təqdim edib",-deyə Ovhannisyan öz Facebook səhifəsində yazıb.