Ayətullaha sui-qəsd hazırlayan dəstə tutuldu

İraqın Nəcəf şəhərində ayətullah Seyid Əli əs-Sistaniyə sui-qəsd hazırlanmasının üstü açılıb.

Report xəbər verir ki, bu barədə Nəcəfin valisi Əl-Yaseri məlumat verib. Onun sözlərinə görə, din xadiminə sui-qəsd etməkdə şübhəli bilinən dəstə tutulub və həmin dəstənin ayətullah Əs-Sistaniyə sui-qəsd hazırladığı məlum olub.

Əl-Yaseri onların Nəcəfin qədim məhəllələrindən birində tutulduğunu desə də, əlavə məlumat verməyib.

Qeyd edək ki, oktyabrın 3-dən İraqın Bağdad və digər şəhərlərində komendant saatı elan edilib. İraqın baş naziri Adil Əbdülmehdi deyib ki, komendant saatı qərarı sabitliyi, daxili təhlükəsizliyi, ictimai əmlakı, nümayişlər zamanı təhlükəsizlik qüvvələrini hücum edən təxribatçılardan qorumaq və Kərbəla şəhidlərinin “40 mərasimi”nin keçirilməsi məqsədilə qəbul edilib.

İraqın şiə dini lideri, Ayətullah Sistaniyə yaxın mənbədən isə bildirilib ki, onun oğlu Məhəmməd Rza Sistani ilə İranın “Qüds” Qüvvələrinin komandanı Qasim Süleymani arasında görüş olub. Məhəmməd Rza xəbərdar edib ki, İranla əlaqənin bu sayaq davam edəcəyi təqdirdə, İraq küçələrində etirazlar kükrəyəcək və onlar etirazçıların tərəfini tutacaqlar.