Türk ordusu terrorçuların 181 sığınacağını məhv etdi

Türk Silahlı Qüvvələri tərəfindən oktyabrın 9-da yerli vaxtla saat 16.00-da Suriya ərazisində başladılan “Sülh çeşməsi” (Barış pınarı) antiterror əməliyyatı nəticəsində Suriyanın Telabyad, Rasulayn və Zormağar bölgələrində yerləşən sığınacaqlara dörd istiqamətdən hücum olub.

APA "TASS" agentliyinə istinadən xəbər verir ki, eyni anda bölgədə yerləşən Ayn İsa rayonunun ətrafındakı Aluk, Mustel, Esadiye, Fender ve Huşan kəndlərində PKK/YPG terror təşkilatlarına aid sığınacaqlar hədəfə alınıb.

Türkiyənin Milli Müdafiə Nazirliyindən verilən son məlumata görə, artıq 181 hədəf hərbi təyyarə və artilleriya ilə vurulub. Bu istiqamətdə atışlara cavab olaraq bölgədə terrorçular tərəfindən silah səsləri eşidilir. Axşam saatlarında bölgədə atışma səsləri daha da intensivləşib.
Türk hərbi təyyarələrinin görmə məsafəsini azaltmaq məqsədilə terrorçular tərəfindən ərazidə rezin təkərlər yandırılır.
Türkiyənin Mardin şəhərinə bağlı Nusaybin rayonuna Suriyanın şimalında yerləşən Qamışlı şəhərindən 9 raket mərmisi atılıb. Raketlərin çoxu boş ərazilərə, üçü isə yaşayış bölgələrinə düşüb. Hadisə nəticəsində 3 nəfər xəsarət alıb. Yaralılar bölgədəki dövlət xəstəxanasına yerləşdirilib.
Türkiyənin sərhəd bölgələrinin bəzi ərazilərində əhaliyə bayıra çıxmamaları ilə bağlı xəbərdarlıq edilib.
Başladılan əməliyyat əsnasında bölgədəki bələdiyyə binalarına aid səs gücləndiricilərdə Mehtər Marşı və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın səsindən “Dua” adlı şeir səsləndirilib.

Türk Silahlı Qüvvələri tərəfindən başladılan əməliyyatda ən son model hərbi texnikadan istifadə olunur.
“Seyit onbaşı” adlandırılan “Poyraz” ötürmə sistemi və “KİRPİ-2” zirehli maşınları vasitəsilə atışma bölgəsinə sürətli silah-sursat ötürülür.