ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) ölkənin bütün tarixi ərzində “ən məhsuldar” seriyalı qatilin adını açıqlayıb.
Amerika KİV-ləri bildirir ki, bu barədə məlumat FTB-nin bəyanatında yer alıb. Məlumatda deyilir ki, 2012-ci ildən dəmir barmaqlıqlar arxasında olan Littl 40 ildə 93 qətl törətdiyini etiraf edib. Onun kriminal fəaliyyəti 1970-2005-ci illər arasında 50 məhkəmə işində araşdırılıb.
Hakimiyyət orqanları bildiriblər ki, Littlin hədəfi əhalinin zəif təbəqəsinin nümayəndələri – çoxu fahişəliklə məşğul olan və narkotik qəbul edən qaradərili qadınlar olublar. Belə adamlar itkin düşəndə, adətən onları axtarmırlar. FTB-nin məlumatında deyilir ki, keçmiş boksçu Littl çox vaxt öz qurbanlarına boks zərbəsi endirir, sonra onları boğurmuş. Bu isə o deməkdir ki, bir çox hallarda qurbanların meyitlərində və cinayət yerlərində bıçaq yaraları və qan yerləri kimi ifrat zorakılıq əlamətləri qalmırmış.
Onun törətdiyi cinayətlərin çoxu hüquq mühafizə orqanları tərəfindən araşdırılmayıb, çünki səhvən dozanı aşma və təsadüf kimi təsnif edilib. FTB-nin məlumatına görə, bəzi qurbanların meyitləri heç tapılmayıb.(azərtac)
Littl 2012-ci ildə narkotiklərdən istifadə ittihamı üzrə Kentukki ştatında həbs edilib və oradan Kaliforniyaya ekstradisiya edilib. Burada ondan DNT testi götürülüb. Onun DNT-si qətlə yetirilmiş üç qadının cəsədində tapılmış DNT-yə müvafiq olub. Littl ömürlük həbs cəzasına məhkum edilib.