Səudiyyə Ərəbistanının Ciddə limanındakı hücuma məruz qalan İrana məxsus tankerlə əlaqə saxlamaq mümkün deyil.
Axar.az xəbər verir ki, bu barədə Səudiyyə Ərəbistanının Sərhəd Mühafizə Xidməti məlumat yayıb. Açıqlamada dünən yerli saatla 11:47-də İran tankerinin ön hissəsindəki xəsarətə görə neft sızıntısı olmasına dair Səudiyyə Ərəbistanının Sahil Təhlükəsizlik qüvvələrinə mesaj göndərildiyi bildirilib:
“Koordinasiya mərkəzi tərəfindən tankerə yardım edilməsi üçün gələn məlumatların analiz edildiyi vaxtda tankerin istiqaməti üzrə davam etdiyi və Ciddə limanının 67 dəniz mil cənub-qərbində olduğu təsbit edilib. Tanker axtarışlara cavab verməyərək, izləmə sistemini bağlayıb”.
Qeyd edək ki, ötən gün Qırmızı dənizdə İrana məxsus “Sabiti” adlı neft tankerində partlayış baş verib. İran Xarici İşlər Nazirliyinin sözçüsü Abbas Musəvi Qırmızı dənizdə tankerə Səudiyyə Ərəbistanı tərəfindən hücum edildiyini bəyan edib.