“Uzun illərdir onun kökünü tam qazımaq mümkün olmur”
Çünki belə təşkilatlar Qərb xüsusi xidmət orqanları ilə bağlı olurlar
İŞİD lideri Əbu Bəkr Əl-Bağdadinin ölüm xəbəri terrorizmlə mübarizənin başa çatdığı demək deyil. Ekspertlərin fikrincə, Bağdadinin ölüm xəbərinin təsdiqlənməsini son dönəmlər fəaliyyəti zəifləmiş İŞİD-in tamamilə sıradan çıxması kimi dəyərləndirmək olmaz. Çünki təcrübə göstərir ki, liderlərin məhvindən sonra bu cür qruplaşmaların sıradan çıxması və ya formasını dəyişərək fəaliyyət göstərməsi daha çox siyasi şərtlərlə əlaqəlidir.
Ona görə də Bağdadinin ölüm xəbərinə görə, İŞİD söhbətinin bağlandığını, daha doğrusu, Yaxın Şərqdə terrorun kökünün kəsildiyini iddia etmək yersizdir.
İŞİD-lə bağlı ittihamları “Şərq”ə təhlil edən politoloq Azər Rəşidoğlu deyib ki, İŞİD sıradan bir təşkilat deyil və uzun illərdir onun kökünü tam qazımaq mümkün olmur.
Analitikin sözlərinə görə, İŞİD əsasən İraq və Suriya ərazisində fəaliyyət göstərən silahlı terror qruplaşmasıdır:
“2015-ci ildə Rusiya Suriya Prezidenti Bəşər Əsədin dəvəti ilə hərbi əməliyyatlara başlayıb və İŞİD-ə sarsıdıcı zərbələr endirib. Lakin buna baxmayaraq, terror təşkilatı bölgədə müxtəlif terror aktları və qətllər həyata keçirməkdə davam edib. İŞİD-ı formalaşdıran qüvvələr ərəb-yəhudi qarşıdurmasından məharətlə istifadə ediblər. Məsələ ondadır ki, Yaxın Şərqdə İsrail dövlətinin yaradılması ilə ərəb dünyası tənəzzülə sürüklənib. Əslində, ərəb ölkələri heç vaxt demokratiya uğrunda mübarizə aparmayıblar, onların məqsədi əvvəlki qüdrətlərini təmin etmək olub. “Ərəb baharı” zamanı Misirdə islamçı Məhəmməd Mursi prezident seçildi və qısa zamanda general Əbdul Fəttah əs-Sisi tərəfindən devrildi. Bundan sonra İraq və Suriyadakı qanlı xaos fonunda İŞİD ideyası yenidən gündəmə gəldi. Terror təşkilatı artıq tam fərqli taktiki gedişlərdən istifadə edir, hətta geyimini belə dəyişir. İŞİD xilafət qurduğunu elan etsə də, bütün fəaliyyət prinsiplərini terror üzərində qurub”.
Siyasi ekspertin qənaətincə, dünyanı vahimədə saxlayan qruplaşmanın bu dərəcədə maraq doğurması yalnız onun qəddarlığı və terrora meyilli olması ilə bağlı deyil:
“Yaxın Şərqdəki xaos və Avropadakı ideoloji böhran fonunda İŞİD alternativ paradiqma ilə çıxış edirdi. Normal Avropa cəmiyyətində tərbiyə alan insanların İŞİD-ə qoşulmasının səbəbi heç də yalnız natamamlıq kompleksindən əziyyət çəkən genetik müsəlmanların revanş arzusu ilə bağlı deyil. Terrorçu təşkilata qoşulanlar arasında genetik xristian olanlar da var. Deməli, söhbət qisasdan deyil, bezdirici eyniliyə alternativ axtarışından gedir. Qərb insanı uzun illərdir alternativ axtarır. Oşonun, digər mistik filosofların Qərbdə bu dərəcədə populyar olmasının başlıca səbəbi alternativ paradiqmanın tapılmamasındadır. Yaxın Şərqdə isə bəziləri elə düşünürlər ki, İŞİD-ın xilafət ideyası ilə orta əsrlər dövrünün sosial ədalət baxışlarını bərpa etmək mümkün olacaq. İŞİD cinayət törədir, terror edir, lakin mövcud dini və sekulyar sistemlərə alternativlə çıxış edir. Onu cəlbedici edən də elə budur”.
A.Rəşidoğlunun fikrincə, məsələ göründüyü qədər sadə deyil. Çünki bu paradiqmanın daşıyıcıları qəddar savaşçılardır:
“Söhbət yalnız savaşçıdan da getmir, beyinləri yuyulan insanların törədə biləcəyi fəsadlar narahatlıq doğurur. Zombiləşmiş, az qala hamını inkar edən qrupların məqsədləri heç də vətəni azad etmək deyil. Bu gün İŞİD və bu kimi radikal təşkilatların “Allahu Əkbər” hayqırtıları kimlərəsə xoş gələ bilər. Lakin tarixi təcrübə göstərir ki, belə qurumlar, adətən, Qərb xüsusi xidmət orqanları ilə bağlı olurlar. İŞİD-in bu qədər geniş əlaqələrə malik olmasında da Qərb maraqlı idi. Radikal qruplar sayəsində on illər boyunca davam edəcək vətəndaş müharibələrinin əsası qoyuldu. İndi Qərb öz qurduğu təşkilatı Türkiyənin və digərlərinin üzərinə atmaqla iz azdırır. Ankaranın İŞİD ilə heç bir bağlılığı yoxdur və bu terrorçu təşkilatı Türkiyə deyil, ABŞ himayə edib”.