Qabbardın söylədiyi yenilik deyil: ABŞ-ın məqsədi Yaxın Şərqdəki nefti ələ keçirməkdir

ABŞ-da Demokratlar Partiyasından prezidentliyə namizədliyini verəcək Tulsi Qabbard bu günlərdə sensasion açıqlama ilə çıxış edib. O, hazırkı prezident Donald Trampı Suriya neftini oğurlamaqda ittiham edib.

Qabbard Trampın Suriya ilə bağlı addımlarının ABŞ milli maraqlarına uyğun olmadığını bildirib.

Ekspertlərin qənaətincə Qabbard gələn ilin seçkilərində namizədliyini verəcəyi üçün, bu açıqlaması ilə Trampı sadəcə gözdən salmağı da hədəfləyə bilər.



“Sherg.az”ın məsələ ilə bağlı sualını cavablandıran politoloq Tofiq Abbasov hesab edir ki, yalan və ya həqiqət olmasından asılı olmayaraq bu, təsirli addımdır:

“İlk növbədə onu deyim ki, müzakirə olunan məsələ yeni deyil. Hələ keçən əsrin ortalarından Amerikanın siyasəti Yaxın Şərqdəki xammalı, nefti ələ keçirməklə bağlıdır. Ola bilsin, Donald Tramp da bu ənənəyə sadiq qalır. Hər halda bu, heç bir halda prezidentə baş ucalığı gətirməyəcək. Tulsi Qabbbardın səsləndirdiyi fikirlər "qara piar" olsa belə, həqiqətdir. Şübhəsiz ki, bu cür məsələlər gələn ilki prezident seçkilərində Trampa qarşı ictimai rəyi xeyli dəyişəcək".

Kənan Novruzov