"Gürcü Arzusu" puça döndü: İvanişvili ya getməli, ya da növbədənkənar seçki elan etməlidir

“Gürcüstanda demokratikləşmənin qarşısını almaq imkansızdır”



Gürcüstanda noyabr ayının 14-dən başlayan etirazlar davam edir. Aksiyalar parlamentin seçki sistemində dəyişikliyə dair qanun layihəsini rədd etməsindən sonra başlanıb. Səsvermədən dərhal sonra minlərlə etirazçı paytaxt Tbilisi və digər şəhərlərin küçələrinə çıxıb. Mitinq iştirakçıları hakim “Gürcü Arzusu” Partiyasının sədri Bidzina İvanişvilini siyasətdən getməyə çağırıblar. Müxalifət erkən seçkilərin keçirilməsindən başqa həm də seçkiyədək keçid hökumətinin təşkil edilməsini tələb edir. Müxalif Vahid Milli Hərəkat partiyasından olan millət vəkili Salome Samadaşvili deyib ki, onların tələbində icra oluna bilməyəcək heç nə yoxdur.

Müxalifətçilər seçki komissiyalarının QHT nümayəndələrindən təşkil edilməsini istəyirlər. Onların fikrincə, QHT-lərə ölkədəki siyasi spektrin bütün rəngləri etibar edir. Ümumiyyətlə, Gürcüstanda müxalifət və vətəndaş cəmiyyəti çoxdan bəridir ki, seçki sisteminin dəyişdirilməsini və tamamilə proporsional sistemə keçilməsini tələb edir. Məlumat üçün bildirək ki, ölkə Konstitusiyasına görə, tam proporsional seçki sisteminə 2024-cü ildə keçilməli idi. Lakin ötən yay Tbilisidə izdihamlı və zorakı etirazların ardınca hakim “Gürcü Arzusu”nun lideri Bidzina İvanişvili proporsional sistemə 2020-ci ildə keçiləcəyini vəd etmişdi. Lakin hakimiyyət müxalifətə güzəştə gedərək erkən seçki elan etməyi planlaşdırmır. 



Mitinqlər genişlənir, hökumətin istefası tələb olunur...


Gürcüstanda davam edən etiraz aksiyalarına 20 müxalifət partiyası qatılıb ki, onların da əksəriyyəti qərbyönlü siyasi təşkilatlardır. Millətçilər və rusiyayönlü partiyalar isə Respublika meydanında ayrıca mitinq keçiriblər.

Gürcüstan müxalifəti mitinq zamanı hökumətin istefası tələbi ilə çıxış edib. Müxalifət, həmçinin, erkən parlament seçkilərinin keçirilməsini və iyun mitinqi zamanı həbs olunanların azad edilməsi tələbini də irəli sürüb. Müxalifətin tələblərini Yeni Gürcüstan Partiyasının sədri Georgi Vaşadze səsləndirib. Aksiya iştirakçıları və müxalifət liderləri gecə ərzində parlament ətrafında qalacaqlarını bildiriblər. Etirazçılar dəmir çəlləklərdə ocaq qalayıblar. Gürcüstan Daxili İşlər Nazirliyi aksiyada 5500 nəfərə yaxın insanın iştirak etdiyini açıqlayıb. Onun sözlərinə görə, kiçik qarşıdurmalar olsa da, aksiya dinc şəraitdə keçir. 

Gürcü hökuməti seçki qərarını açıqladı və hədələdi


Gürcüstan hökuməti etiraz aksiyalarına baxmayaraq, növbədənkənar parlament seçkiləri təyin etməyəcəyini açıqlayıb. Hakim “Gürcü Arzusu” Partiyasının baş katibi Kaxa Kaladze deyib ki, seçkilərə bir ildən az vaxt qaldığı üçün heç bir güzəşt edilməyəcək. Yəni seçki vaxtında keçiriləcək. O, rəqibləri seçkilərə hazırlaşmağa dəvət edib. Baş katib həmçinin, müxalifət tərəfdarlarının fəaliyyətini destruktiv adlandırıb və müxalifətin bu cür fəaliyyəti dayandırmayacağı halda hökumətin müvafiq qərarlar qəbul edəcəyini bildirib.



Marqvelaşvili İvanişviliyə qarşı çıxır


Gürcüstanın eks-prezidenti Georgi Marqvelaşvili bildirib ki, müxalifət öz məqsədinə çatmaq üçün bir yerdə qalmalıdır. Çünki bu mübarizə bir-iki günə nəticə verməyəcək:

“Taktika mənim üçün vacib deyil. Müxalifətin birliyinin pozulmaması üçün əsas məsələ strateji hədəfdir. Bu, müxalifətin dəyərlər ətrafında birləşdiyi ilk haldır”. Marqvelaşvili Gürcüstanda seçki reformunun uğursuzluğunu fırıldaqçılıq adlandırıb. O, vətəndaşların Gürcü Arzusu Partiyasının təhqiriylə barışmaması gərəkdiyini bildirib: “Mən İvanişvili və "Gürcü Arzusu"nun vəkili deyiləm. Fakt budur ki, fırıldaqçılıq olub. Budəfəki fırıldaqçılıq təhqiramiz olub. Gürcü xalqına bildirildi ki, siz bizi maraqlandırmırsınız, siz bizim üçün vacib deyilsiniz. Əgər cəmiyyət bunu qəbul etsə, o zaman biz heç bir şikayət etməməliyik”.



“ABŞ və Avropa hakim partiyadan ümidlərini kəsiblər”


Qonşu ölkədəki gərginliyi “Şərq”ə təhlil edən politoloq Azər Rəşidoğlu deyib ki, Gürcüstanda demokratikləşmə prosesinin qarşısını almaq artıq imkansızdır. Analitikin sözlərinə görə, “Gürcü Arzusu” tam fiaskoya uğrayıb:

“Gürcü Arzusu” ya hakimiyyətdən getməli, ya da növbədənkənar seçki elan etməlidir. ABŞ və Avropa ölkələri hakim partiyadan ümidlərini kəsiblər. Və anlayırlar ki, bu təşkilat demokratikləşmə prosesinə yardım etməyəcək. Bütün qərbyönümlü siyasətçilərin təşkilatdan istefa vermələri də təsadüfi deyil. Hələ bu təşkilatın parlamentdə 96 deputatı var, əgər 20 deputat da istefa verərsə, yeni seçkilər qaçılmaz olacaq”.