Paşinyana güvənsizlik: Qərb Sarkisyan "kartı"nı əlində saxlayır

“Ermənistanın sabiq prezidenti Serj Sarkisyanın əvvəlcə ABŞ səfiri ilə görüşməsi, ardınca Avropa Xalq Partiyasının iclasına dəvət olunması Ermənistanda yeni siyasi situasiyanın formalaşmağa başlamasından xəbər verir”. 

Bunu Sherg.az-a açıqlamasında politoloq Ceyhun Əhmədli deyib. 

Ekspert bildirib ki, görünür, Paşinyanın uğursuz fəaliyyəti Qərbin də nəzərindən qaçmayıb və hər ehtimala qarşı Sarkisyan "kartı"nı əllərində saxlamağa çalışırlar: 

“Paşinyanın xalq arasında reytinqi verilən sosial-iqtisadi vədlərin yerinə yetirilməməsi səbəbilə əhəmiyyətli dərəcədə zəifləyib. Onun erməni milli identikliyinə qarşı apardığı siyasət, erməni kilsə tarixi, erməni dili və s. fənnlərin ali təhsil proqramından məcburi fənn kimi çıxarılması Ermənistan cəmiyyətində narazılığı ideoloji səviyyəyə çıxarmaqla “Qarabağ klanı”nın fəallaşması üçün əlavə imkanlar açıb. Paşinyan isə bütün bunların fonunda “Aprel döyüşləri”nin hərtərəfli araşdırılması üçün komissiya yaradıb. Məqsəd aydındır, yuxarıda qeyd etdiyim narazılıqları diqqət mərkəzindən uzaqlaşdırmaq... Komissiyanın yekun rəyinə əsaslanaraq, qondarma rejimin rəhbərliyində dəyişiklik etmək”.