Cənub qonşumuzda baş verənlərin ciddi, özü də hay-küysüz, pafossuz təhlilə ehtiyacı var
Əgər Tramp yenə seçkini udarsa, İran istənilən müqaviləni imzalayacaq. Çünki rejimin müqavimət resursu tükənəcək
İranda yanacağın qiymətinin qaldırılması ilə əlaqədar başlayan etiraz aksiyaları 100-ə yaxın şəhəri bürüyüb. Ötən üç gün ərzində mindən artıq aksiya iştirakçısı saxlanılıb. Bildirilib ki, ümumilikdə aksiyalarda təxminən 90 minə yaxın insan iştirak edib. Həmçinin, vurğulanıb ki, etirazçıların bir hissəsi polislərə hücum edərək, bankların ofislərini, mağazaları yandırmağa cəhd göstəriblər.
Ümumilikdə təxminən 100 yerli maliyyə qurumunun nümayəndəliyi yandırılıb və ya qarət edilib. Ekspertlər vəziyyətin nəzarətdən çıxa biləcəyini, bəzi bölgələrdə etirazları yatırtmağın mümkün olmadığını deyirlər.
İrandakı narazılıqları “Şərq”ə təhlil edən iqtisadçı-ekspert Natiq Cəfərli deyib ki, cənub qonşumuzda baş verənlərin ciddi, özü də hay-küysüz, pafossuz təhlilə ehtiyacı var. İqtisadçının sözlərinə görə, İranda son 2 ildə sosial-iqtisadi vəziyyət çox ağırlaşıb:
“İran valyutası son illər dünyada ən çox devalvasiyaya uğrayan valyutalardan biridir, inflyasiya sürətlənib, milli valyutada qiymətlər kəskin artır. Benzinin qiymətinin artması insanların etirazına sadəcə bəhanə, bəlkə də son damla oldu. Yəni, İran əhalisi tək elə benzinin qiyməti qalxdı deyə etiraza çıxmadı. Son 2 ilin sosial-iqtisadi ağırlığı onsuz da insanları bezdirmişdi. ABŞ sanksiyaları, neft hasilatı və satışının azalması, məntiqsiz idarəetmə, investorların qaçışı, dollar qıtlığı - bütün bunlar səbr kasasını çoxdan doldururdu”.
Ekspertin fikrincə, artıq İranda “İslam İnqilabı”nı kitablardan oxuyan nəsil yetişib:
“Son 40 ildə 1 milyon gənc xaricdə təhsil alıb, internet nəsli yetişib. İran əhalisinin 68 faizi inqilabdan sonra dünyaya gələnlərdir. Onların ideoloji kimliyi tək dini deyil, hətta deyərdim heç dini də deyil. Nə qədər qəribə səslənsə də, potensial olaraq İran müsəlman aləminin ən dünyəvi ölkələrindən biridir. Çünki 3000 illik dövlətçilik tarixi və ənənələri xurafatdan daha güclüdür. İran dövlətinin çox güclü diplomatiya ənənələri var. Çox güman ABŞ və İsrail ilə gizli danışıqlar da aparırlar. Amma çox sərt və tərs diplomatiya məktəbi tezliklə güzəştə getməyi düşünmür. Onlar yaxın 1 ildə danışıqları uzadaraq Amerikada prezident seçkilərinin nəticələrini gözləyəcəklər. Əgər Tramp yenə seçkini udarsa, İran istənilən müqaviləni imzalayacaq. Çünki rejimin müqavimət resursu tükənəcək, yox əgər Demokratlar qalib gələrsə, o zaman danışıqlar intensivləşəcək, İran üçün daha məqbul yeni müqavilə imzalanacaq”.