Gürcüstan müxalifəti hökumətə qarşı fəaliyyət planını açıqlayıb. “Yeni Gürcüstan” Partiyasının sədri Georgi Vaşadze etirazçıların parlament binası qarşısında “utanc dəhlizi” yaradacaqlarını bildirib. Vaşadze aksiyanın genişmiqyaslı olmayacağını deyib: “Cümə günü müxalifətin seçki sisteminə dəyişikliklə bağlı təqdimatı keçiriləcək. Gürcüstanın Qərbdəki tərəfdaşları ilə də əlaqələri gücləndiririk. Bu tərəfdaşlar sayəsində “Gürcü Arzusu”na böyük təzyiqlər ediləcək”. Gürcüstanın müxalif və bitərəf deputatları da parlamentin noyabrın 28-29-da keçiriləcək plenar iclaslarını boykot ediblər.
Gürcüstanda davam edən etirazları “Şərq”ə dəyərləndirən politoloq Qabil Hüseynli deyib ki, İvanişvili öz kreditini xərcləyib qurtarıb:
“Keçmiş prezident Marqvelaşvilinin müxalifətin tərəfinə keçərək hökuməti tənqid etməsi adi hadisə deyil. Üstəlik, Qərb ölkələrinin böyük əksəriyyəti də Gürcüstanda siyasi dəyişikliyin olmasının tərəfdarıdır. Onlar Rusiyanın dəstəklədiyi “Gürcü Arzusu”nun hakimiyyətdən getməsində maraqlıdırlar. Məsələ ondadır ki, parlament seçkilərinin vaxtı bir qədər önə çəkilsə də, seçki sistemində dəyişiklik edilərək qarışıq sistemə gedilməsi nəzərdə tutulur.
Politoloq hesab edir ki, qarşıdurma müxalifətin xeyrinə başa çatacaq
İndiyə qədər Gürcüstanda seçkilər proporsional sistemlə, yəni partiya siyahıları üzrə keçirilirdisə, dəyişiklikdən sonra həm majoritar, həm də proporsional sistemə keçilməsi planlaşdırılır. Gürcüstan müxalifəti isə majoritar sistemin əleyhinə çıxır, eyni zamanda parlament seçkilərinin növbədənkənar keçirilməsini tələb edir. Hətta keçmiş spiker Burcanadzenin özü də İvanişvilini tənqid edir, onun düzgün siyasət yeritmədiyini vurğulayır. Bir sözlə, müxalifətin sıralarına qoşulanların sayı kifayət qədər çoxdur. Demək olar ki, müxalifət getdikcə vahid güc mərkəzinə çevrilir. Zənnimcə, müxalif düşərgə ilə hakim “Gürcü Arzusu” blokunun mübarizəsi həlledici mərhələyə qədəm qoymaqdadır. Bu qarşılıqlı mübarizə və qarşıdurma prosesi gec-tez müxalifətin xeyrinə başa çatacaq”.