Gürcüstan iki güc arasında qalıb: Biri Avropa, digəri Rusiya

“Gürcüstanın Rusiyadan birmənalı uzaqlaşıb Avropaya yaxınlaşması yanlış qərardır”. Bunu Sherg.az-a açıqlamasında “Atlas” Araşdırmalar Mərkəzinin eksperti Turan Rzayev deyib. 

Analitik bildirib ki, bu seçim Gürcüstanı bir çox problemlər üz-üzə qoyub: 

“Ən əsası Rusiya ilə vəziyyət pisləşdi və nəticədə 8 günlük müharibə baş verdi. Çoxları düşünə bilər ki, Gürcüstanın Avropa Birliyinə yaxınlaşması ölkədə demokratik islahatlar və s. yeniliklər gətirdi. Ancaq düşünürəm ki, indiki etirazların başlıca səbəbi elə AB-yə yaxınlıq siyasətinə üstünlük verilməsi ilə bağlıdır. Məsələ ondadır ki, Gürcüstanda qurulan sistem Qərb dəyərlərinə əsaslansa da, ölkədə tam mənada demokratik dəyərləri oturtmaq mümkün olmayıb. Ona görə də ölkə fərqli qüvvələrin maraqlarının toqquşduğu meydana çevrilib”.



Politoloq: "Gürcüstan Rusiya ilə münasibətləri yenidən bərpa etməli, Qərblə isə balanslaşdırılmış siyasət yeritməlidir"


Ekspertin sözlərinə görə, radikal qərarla Rusiyadan qopub Avropaya yaxınlaşan Gürcüstan iki güc arasında qalıb: 

“Əgər Gürcustanda hakimiyyətə gələn qüvvə AB tərəfdarıdırsa, meydana çıxanlar ruspərəst qüvvələr etiraz edir, ya da əksinə tam tərsi olur. Hazırda Rusiya ilə yaxınlaşma müşahidə olunur və bu səbəbdən aksiyalar yenidən güclənir. Təbii ki, proseslər qərbmeyilli qüvvələrin dəstəyi ilə həyata keçirilir. Düşünürəm ki, Gürcüstan Rusiya ilə münasibətləri yenidən bərpa etməli, Qərblə isə balanslaşdırılmış siyasət yeritməlidir. Çünki Rusiyadan uzaqlaşmaq müharibəyə, ardınca Abxaziya və Osetiyanın Gürcüstandan qoparılmasına gətirib çıxardı. Hesab edirəm ki, rəsmi Tbilisi israrla NATO və AB-yə daxil olmaq təşəbbüsündən vaz keçməlidir. Bu cür mövqe sərgiləmək AB və NATO-nu Rusiya ilə həmsərhəd etmək deməkdir. Oxşar hadisələr Baltikyanı ölkələrdə də gedir. Ancaq Moskva coğrafi baxımdan əhəmiyyət kəsb edən Gürcüstanı heç vaxt Qərbə vermək niyyətində olmayıb”.