Tehran yenidən dirçəlir: “Qara bazar”da İranla Avropa ölkələri ticarətlərini davam edirlər

Məlumdur ki, Almaniya, Fransa və İngiltərə İranla ticarəti asanlaşdırmaq və Avropa şirkətlərini ABŞ-ın sanksiyalarından qorumaq məqsədilə 2019-cu ilin yanvarında ticari birlik təsis ediblər. Hətta Amerika AB nəhənglərinin bu addımını pisləyib. Ancaq ötən gün daha 6 ölkə İranla ticarət üçün birləşib. Belçika, Danimarka, Finlandiya, Hollandiya, Norveç və İsveç də sözügedən birliyə qoşulublar. 

Bir zamanlar İran təklənirdisə, artıq ABŞ meydanda tək qalmaqdadır. Avropa ölkələrinin güclü NATO müttəfiqlərinin “qəzəbinə” rəğmən, İranla ticarətdən vaz keçməməsi vəziyyəti Tehranın xeyrinə dəyişir. 



Politoloq: “Trampdan sonra Avropa ölkələri Amerika ilə münasibətlərinə yenidən baxırlar”


Vaşinqtonun təklənməsini “Şərq”ə dəyərləndirən politoloq Əhəd Məmmədli bildirib ki, 1979-cu ildə məlum inqilabdan sonra başda ABŞ olmaqla Qərb-İran qarşıdurması başlayıb. Ekspertin sözlərinə görə, İrana qarşı sanksiyalar Qərblə ziddiyyətdən sonra tətbiq olunub: 

“O vaxtdan 40 il keçib. Bütün sanksiyalar, təzyiqlər və təqiblərə rəğmən, İran nəinki zəifləyib, əksinə, güclənib. Bunun da bir sıra səbəbləri var. “Qara bazar”da İranla Avropa ölkələri öz ticarətlərini davam edirlər. İndi artıq bu əməkdaşlıq rəsmiləşməkdədir. Donald Tramdan sonra Avropa ölkələri Amerika ilə münasibətlərinə yenidən baxırlar. Avropanın böyük ölkələri müstəqil siyasət yürütməyə başlayıblar. Biz bunu Çin, Rusiya və İranla münasibətlərdə açıq-aşkar görürük. Bu isə dünyanın yenidən çoxqütblü beynəlxalq siyasətə qayıdışının elementləridir. Əlbəttə, bu prosesdə ABŞ-ın təkləndiyini, güc itirdiyini demək olmaz, amma reallıq odur ki, digər dövlətlər də güclənirlər. Məncə, məsələyə bu cür yanaşmaq lazımdır”.