“Ukrayna Beynəlxalq Hava Yolları”na məxsus “Boeing 737-800” tipli sərnişin təyyarəsinin İran İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən qanadlı raketlə vurulması ilə əlaqədar həlak olanların ailələrinə veriləcək kompensasiyanın məbləği Ukrayna və İran tərəfləri arasında razılaşmadan asılı olacaq.
APA-nın IRNA-ya istinadən verdiyi məlumata görə, bunu İran Mülki Aviasiya Təşkilatının Aviaqəzaların istintaqı üzrə bölməsinin rəhbəri Hasan Rezaifar bildirib.
H. Rezaifar deyib ki, həmin “Boeing 737-800” Ukrayna şirkətlərindən biri tərəfindən sığortalanıb, ancaq bu sığorta pilotun səhvi nəticəsində baş verən qəzaları əhatə edir. İndiki halda isə qəza pilotun səhvindən baş verməyib: “Ona görə də hazırkı vəziyyətdə kompensasiya ödənişinin bütün aspektlərinin müəyyənləşdirilməsi üçün danışıqlar aparılmalıdır”.
Xatırladaq ki, yanvarın 8-də Tehranın İmam Xomeyni Beynəlxalq Hava Limanından qalxaraq Kiyev şəhərinə istiqamət götürən “Ukrayna Beynəlxalq Hava Yolları”na məxsus “Boeing 737-800” tipli sərnişin təyyarəsi İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən vurulub. Nəticədə təyyarədə olan 9 nəfər heyət üzvü və əksəriyyəti İran və Kanada vətəndaşlarından ibarət 167 sərnişin həlak olub.