“Türkiyənin Liviyada nə işi var?!” sualı mənasızdır: Ankara bölgənin əsas söz sahibidir

“Türkiyənin Liviyada nə işi var” kimi mənasız şüarların səsləndirilməsi qlobal güclərin geosiyasi maraqlarına xidmət edir”. Bunu Sherg.az-a açıqlamasında politoloq Natiq Miri deyib. 

Ekspert bildirib ki, Türkiyənin həm Suriya, həm də Liviya məsələsində xüsusi aktivliyinin və israrının səbəbləri var: 

“Məqsəd qardaş ölkəni blokadaya almaq, köşəyə sıxışdırmaq və nəhayət parçalamaqdır. Əgər bunlar baş tutarsa, Türkiyəni əvvəlki kimi asan idarə etmək mümkün olacaq. Türkiyə həm siyasi, həm də hərbi cəhətdən ortaya ciddi mövqe qoymalıdır ki, ona qarşı həyata keçirilən davamlı proseslərin qarşını ala, planları alt-üst də bilsin. İndiki məqamda Ankara sübut etməyə çalışır ki, regionda Türkiyəsiz hansısa məsələni həll etmək mümkünsüzdür. Suriyada atəşkəsin və nisbətən sabitliyin mümkün olması Türkiyənin bölgəyə müdaxiləsi ilə reallaşdı. Qlobal güclər Liviyanın paytaxtı Tripolini ələ keçirməyə cəhd etdilər və bu məqsədlə üsyançı general Haftarın qoşunlarına dəstək verdilər. Bütün gücləri ilə strateji və əhəmiyyətli ölkə sayılan Liviyanı və dolayısı ilə Aralıq dənizinin müəyyən hissəsini öz nəzarətləri altına almağa çalışdılar”. 

Politoloq: “Məqsəd qardaş ölkəni blokadaya almaq, köşəyə sıxışdırmaq və nəhayət parçalamaqdır”


Analitik vurğulayıb ki, Liviyanın nəzarətində olan Aralıq dənizinin məlum hissəsində böyük enerji mənbələri mövcuddur: 

“Liviyada savaş başladanların niyyəti enerji mənbələrinə sahib olmaqdır. Lakin Türkiyənin prosesə müdaxiləsindən və paytaxtın alınmasına mane olmasından sonra proses fərqli yöndə irəlilədi. Məlumdur ki, Rusiya üsyançı gücləri dəstəkləyirdi. Prezident Ərdoğanın təşəbbüsü sayəsində Putinlə görüşdə müəyyən razılaşmalar mümkün oldu. Nəticədə tərəflər arasında atəşkəs baş tutdu. Düzdür, müxalif güclər ilk vaxtlar atəşkəs təklifinə yaxın durmadı, ancaq Moskvanın təzyiqindən sonra fikirlərindən döndülər. Həm də nəzərə alaq ki, Türkiyə qoşunları artıq Liviyadadır. Belə vəziyyətdə üsyançı qüvvələrin qələbə şansı yox idi. Putin də öz növbəsində Liviyadakı proseslərə nəzarəti itirməmək, eyni zamanda Türkiyə ilə münasibətləri zədələməmək üçün Ankaranın təkliflərini qəbul etməli oldu. Məhz Ərdoğanın fəaliyyəti nəticəsində Liviya hökumətinin rəhbərliyi və üsyançı tərəfin iştirakı ilə Moskvada müzakirələr reallaşdı”.