Kremldəki dəyişiklik: Putin Rusiyanı qorumağa çalışır - AKTUAL

“Rusiya kimi qapalı ölkələrdə, ciddi mərkəzləşmə olan dövlətlərdə idarəetmə dəyişiklikləri xüsusi reformasiyanın parçası sayılmır”. Bunu Sherg.az-a açıqlamasında Qafqaz Beynəlxalq Münasibətlər və Strateji Araşdırmalar Mərkəzinin rəhbəri Araz Aslanlı deyib. 

Politoloq bildirib ki, sovet dövründə SSRİ-nin özünəxas, qanunverciliklə üst-üstə düşməyən idarə modeli var idi: 

“Sovet imperiyası hüquqi baxımdan qanunverici orqan tərəfindən idarə olunmalı idi. Amma bütün hakimiyyət partiya rəhbərinin əlində cəmləşirdi. Daha sonra Nazirlər Kabinetinin rolu qorunmaqla prezident üsul idarəsi və dövlət katibi postu yaradıldı. Rusiya başda olmaqla keçmiş sovet respublikalarının əksəriyyətində dünya idarəetmə sistemlərinə uyğun olmayan modellər hələ də qalmaqdadır.



Yəni bu ölkələrdə həm güclü prezident, həm də güclü baş nazir və parlament fəaliyyət göstərir. Sonradan bəzi ölkələr dəyişiklik etməyə çalışdılar. 2008-ci ildən öncə Rusiyada da baş nazirin səlahiyyətlərinin artırılması ilə bağlı addımlar atıldı, yeni modelə keçidin anonsları verildi. Baş nazirlə yanaşı parlamentin də güclü olacağı, prezidentin simvolik qalacağı söylənildi. Bunların heç biri reallaşmadı. Məsələ ondadır ki, Putinin bəhs etdiyi indiki dəyişiklik də beynəlxalq modelə uyğun deyil”. 



Araz Aslanlı: “Rusiyada da idarəetmə sistemi dəyişdirilir” deyə bilmirik”


Analitikin sözlərinə görə, Rusiyadakı mövcud idarəetmə sistemi fərqlidir. Rusiyada federal idarəetmə var: 

“Türkiyədə idarəetmə ilə bağlı dəyişiklik olanda, bunu sistemin əvəzlənməsi kimi qiymətləndirdik. Ancaq “Rusiyada da idarəetmə sistemi dəyişdirilir” deyə bilmirik. Ola bilsin, bu, Putinin Rusiyanı qorumaq və daha da gücləndirmək niyyətindən irəli gəlir. Yaxud, mərkəzdənqaçma risklərini ortadan qaldırmağa xidmət edir. Konkret səbəb söyləmək çətindir. Çox güman ki, Putin güclü idarəetmə sistemi formalaşdırmaq və bunun güclü liderdən daha uzun yaşamasını təmin etmək istəyir. Digər mühüm məqam isə federal subyektlərlə mərkəzin münasibətini tənzimlənmək və sistemi daha dayanıqlı etməkdir”.