Ukrayna baş nazirinin istefasında Moskvanın “barmağı” var – AKTUAL ŞƏRH

Böyük ehtimalla Aleksey Qonçarukun telefonla gizli səs yazılarını Rusiya kəşfiyyatı əldə edib 



Ukraynanın 34 yaşlı gənc baş naziri Aleksey Qonçaruk istefa verib. İstefaya səbəb Qonçarukun gizli səs yazısının bir neçə internet saytında yayılması olub. İddiaya görə, həmin səs yazısında baş nazir digər nazirlərə “prezident Vladimir Zelenskinin iqtisadiyyatdan başının çıxmadığını və başı dumanlı olduğunu” deyib. 

Qonçaruk və onun tərəfdarları isə bunun montaj olduğunu, səsin saxtalaşdırıldığını iddia ediblər. Buna baxmayaraq, Aleksey Qonçaruk prezidentə münasibətdə şübhə yeri qalmasın deyə istefaya üstünlük verib. 



Elxan Şahinoğlu: “Bankı özünə qaytarılmayan milyarder Kolomoyski səs yazısını yaymaqla baş nazirdən intiqamını aldı. Onun növbəti hədəfi Prezident Vladimir Zelenskidir” 


Qonçarukun istefasını “Şərq”ə dəyərləndirən “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, baş nazirin səs yazısını yazmaq üçün xüsusi avadandlıq lazımdır.
 
Analitikin sözlərinə görə, Rusiyada bəlli mərkəzlər Ukraynanın güclənməsini və iqtisadi problemlərinin həllini istəmirlər: “Böyük ehtimalla Ukrayna baş nazirinin telefonla gizli səs yazılarını Rusiya kəşfiyyatı əldə edərək ukraynalı oliqarx İqor Kolomoyskinin saytları vasitəsilə Ukrayna ictimaiyyətinə servis ediblər. Bəs Kolomoyski bu işə niyə qarışa bilərdi? Məsələ burasındadır ki, Kolomoyski hələ keçmiş prezident Pyotr Poroşenkonun onun bankı olan “Privatbankını” milliləşdirməsini hakimiyyətə bağışlaya bilmir. Kolomoyski həmin bankdan hakimiyyyətə qarşı təyziq vasitəsi kimi istifadə edirdi. Hakimiyyət dəyişdikdə Kolomoyski düşünürdü ki, bankını geri ala biləcək, hətta bu məqsədlə məcburi mühacirətdən geri qayıtdı. Ancaq prezident Vladimir Zelenski və baş nazir Aleksey Qonçaruk milliləşdirilən bankı oliqarxa qaytarmadılar. Kolomoyski öz saytları vasitəsilə səs yazısını yaymaqla istefa verən baş nazirdən intiqamını almış oldu. Görünür, ukraynalı milyarderin növbəti hədəfi Prezident Vladimir Zelenskidir”.