Lənkəranskini bıçaqlayan "qanuni oğru" həbsdən çıxdı - Video


Aprelin 17-də “qanuni oğru”, Levan Suxumski kimi tanan Levan Abuladze Moskvanın “Vladimirski Sentral” həbsxanasından azadlığa çıxıb.

Axar.az Musavat.com-a istinadən xəbər verir ki, 44 yaşlı “qanuni oğru” həbsxana qapısı bağlanan kimi onun Rusiya Federal Miqrasiya Xidmətinin və Rusiya Daxili İşlər Nazirliyinin əməkdaşları qarşılayıblar.

“Qanuni oğru”ya bildirilib ki, Rusiya daxili işlər nazirinin müavini, general-polkovnik Vançikin əmri ilə Rusiyaya ömürlük gəlməsi qadağan olub. Bildirilib ki, bununla bağlı DİN generalı fevralın 19-da müvafiq əmr imzalayıb.

Bu qərardan sonra bu dəfə “qanuni oğru”ya Oktyabrskiy Rayon Məhkəməsinin qərarı oxunub. Qərarda bildirilir ki, o, iki ay müddətinə həbs edilir və miqrantlar üçün xüsusi təcridxanaya yerləşdiriləcək. Rusiyadan deportasiya olunanadək isə təcridxanada qalacaqdır.

Qeyd edək ki, ötən il Rusiya prezidenti Vladimir Putin kriminal avtoritetlər üçün cəzaları sərtləşdirib.

Belə ki, kriminal ierarxiyaya mənsub olan (“qanuni oğru”lar) şəxslər 8 ildən 15 ilə qədər azadlıqdan məhrum ediləcək. Həmçinin 5 milyon rubla qədər cərimə ödəyəcəklər. Bu səbəbdən kriminal aləmin bir çox tanınmış nümayəndələri üçün Rusiyada yaşamaq indi olduqca çətinləşib.

Artıq bəzi kriminal avtoritetlər Rusiyanı tərk edərək Yunanıstanda, İspaniyada, BƏƏ-də və Türkiyədə məskunlaşmağı üstün tuturlar. Həbsdə olanların isə azadlığa çıxandan dərhal sonra ölkəni tərk etmələri əsas şərtdir.

Amma hazırda pandemiya ilə bağlı Rusiya sərhədləri də bağlıdır. Bu qadağanın isə yaxın 2 ayda da qüvvədə qalacağı gözlənilir. Levan Abuladzenin bu səbəbdən də bəxti gətirməyib və dərhal da yenidən nəzarətə götürülüb. Levan 1975-ci ildə Suxumidə doğulub. Onun vətəni Gürcüstana gedəcəyi təqdirdə də “gül-çiçəkli” qəbul gözləmir. Çünki “qanuni oğru”larla bağlı eyni qanun Gürcüstanda hələ Saakaşvilinin prezidentliyi dövründə qəbul edilib. Levan Suxumski Orenburq vilayətindəki xüsusi rejimli “Qara Delfin” həbsxanasından başqa Rusiyanın demək olar ki, bütün həbsxanalarında olub. “Qanuni oğru” hətta 2011-ci ildə istintaq müddətində təcridxananın qadınlar saxlanılan bölməsinə yerləşdirilib. Buna səbəb isə onun nüfuzunu zədələmək deyil, əksinə qorumaq olub. Belə ki, həmin vaxt təcridxanada olanlar Levan Suxumskinin “ideoloji düşmənləri” imiş və bu səbəbdən onun qadınlar üçün nəzərdə tutulan korpusda saxlamaq zərurəti ortaya çıxıb.

O, azərbaycanlı “qanuni oğru” rəhmətlik Rövşən Canıyev (Lənkəranski) nəslinə aid “qanuni oğru”lardan hesab olunur. “Qanuni oğru” adını Merab Suxumski kimi tanınan(bəzi mənbələrdə onlar qardaş kimi göstərilib) Merab Canqveladzenin “xeyir-duası” ilə alıb.

2012-ci ilin noyabrında Artyom Lipetsk, Gizo Kardava, azərbaycanlı “qanuni oğru” Vaqif Bakinski (Dipolmat), Timur Sverdlovski və digərləri Levanın “oğru” statusunu tanımamaq barədə “proqon” yaymışdılar. Amma hələ də bir sıra "qanuni oğru”lar onu kriminal aləmin ən tanınmış simalarlından hesab edirlər.

Gürcü “qanuni oğru”larla yaxşı münasibəti olan Lənkəranski ilə yaxınlığı da güman ki, bu zəmində yaranıb. Kriminal aləmdə ən tanınmış simalardan olan Merab Canqveladze Rövşən Lənkəranskiyə yaxın adam kimi tanınıb. Levan isə Suxumi klanının “beyni” hesab olunurdu.

Amma iddia olunurdu ki, onlar son illər Lənkəranski ilə yaxınlıq etməyiblər. 2013-cü ildə Aslan Usoyanın(Ded Xasanın) öldürülməsindən sonra isə Suxumskilər Lənkəranskiyə dönük çıxıblar.

Hətta Merab Ded Xasan klanı ilə anlaşmağa çalışıb. Levan isə Moskva bazarlara nəzarətlə bağlı “razborka”ların birində Lənkəranskini bıçaqlaması barədə də iddialar vardı.

Rusiyanın "Rosbalt" saytı o zaman yazmışdı ki, hadisə Dubayda baş verib və nəticədə Lənkəranski ağır yara alıb. Amma bu iddiaların nə qədər doğru olduğu bu günədək də bilinmir.