Kanadanın Yeni Şotlandiya əyalətində 51 yaşlı Qabriel Uortman adlı şəxsin atəş açması nəticəsində ölənlərin sayı 16 nəfərə çatıb.
APA-nın RİA Novostiyə-yə istinadən verdiyi məlumata görə, bu barədə CBC NEWS məlumat yayıb.
Milli polis komissarı Brend Lakinin sözlərinə görə, asayiş keşikçiləri cinayətkar tərəfindən odlu silahla 16 nəfərin öldürüldüyünü müəyyən ediblər.
O əlavə edib ki, hadisə hələ də terrorla əlaqəli hesab olunmur.
Qeyd edək ki, bundan əvvəl polis əyalətin müxtəlif yerlərində 13 nəfərin öldüyünü bildirmişdi. Hüquq-mühafizə orqanları ölənlərin sayının arta biləcəyini istisna etməmişdi.
***
04:10
Kanadanın Yeni Şotlandiya əyalətində 51 yaşlı Qabriel Uortman adlı şəxsin atəş açması nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.
APA-nın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə CBC telekanalı məlumat yayıb.
Ölkənin Milli polis komissarı Brend Lakinin sözlərinə görə, istintaq davam edir və polis tərəfindən cinayətin digər qurbanlarının müəyyənləşdiriləcəyi istisna edilmir.
Qeyd edilib ki, cinayətkarın tutulması istiqamətində əməliyyat 12 saat davam edib. Tərəflər arasında atışmada bir polis ölüb, digəri isə yaralanıb. Atışma zamanı cinayətkarın da öldürüldüyü bildirilib.
***
02:06
Kanadada Yeni Şotlandiya əyalətinin Portapik şəhərində polis insanlara atəş açan şəxsi saxlayıb.
APA-nın TASS-a istinadən verdiyi xəbərə görə, bu barədə CTV telekanalı məlumat yayıb.
51 yaşlı Gabriel Uortman adlı şəxsin atəş açması nəticəsində çox sayda insanın həlak olduğu bildirilib. Polis ölənlərin sayını hələ dəqiqləşdirməyib.
Hadisə şənbə günü baş verib, lakin polis hadisə barədə heç bir məlumat verməyib.
Atəş açan şəxsin polis formasını geyindiyi və patrul maşınına minərək hadisə yerindən qaçdığı məlum olub.
CBC telekanalı xəbər verib ki, baş verən atışma nəticəsində ən azı on nəfər ölüb.
Reuters-in məlumatına görə isə ölənlərdən biri polis əməkdaşı olub.