Aprelin 20-nə keçən gecə Əfqanıstanın Tahar əyalətində “Taliban” hərəkatının hücumu nəticəsində hökumət qüvvələrinin azı 19 hərbçisi həlak olub.
AZƏRTAC TOLO news telekanalına istinadla xəbər verir ki, əyalət qubernatorunun nümayəndəsinin sözlərinə görə, hazırda vəziyyət təhlükəsizlik qüvvələrinin nəzarəti altındadır.
Əfqanıstanda sülh prosesinin başlamasına baxmayaraq “Taliban” hərəkatı ilə hökumət qüvvələri arasında qarşıdurma davam edir. Fevral ayının sonlarında Qətərdə ABŞ və “Taliban” hərəkatı 18 ildən çox davam edən müharibə ərzində ilk sülh sazişi imzalayıb. Sülh sazişi 14 ay ərzində xarici qüvvələrin ölkədən çıxarılmasını və tərəflər arasında dialoqun başlamasını nəzərdə tutur.