“Bu addımın Trampdan narazılıq dalğasını səngidəcəyi inandırıcı görünmür”
ABŞ öz müttəfiqlərini 75 il əvvəl nasistlərə qarşı birləşdiyi kimi, indi də İrana qarşı birləşməyə çağırıb. Bunu ABŞ dövlət katibi Mayk Pompeo deyib. O, bildirib ki, ABŞ və müttəfiqləri dünyanı nasistlərdən və nifrət ideologiyalarından xilas etmək üçün birgə hərəkət ediblər:
“Hazırda dünyaya başqa bir cinayətkar rejim təhdid yaradır. Ona görə də Vaşinqton beynəlxalq ictimaiyyəti amerikalılara qoşulmağa və antisemitizmin dünyadakı nəhəng sponsorunu dayandırmağa çağırır”. Pompeo ABŞ-ın nüvə razılaşmasından çıxmasının Yaxın Şərqə daha çox təhlükəsizlik gətirdiyini deyib. Dövlət katibi həmçinin ABŞ-ın İrana qarşı silah embarqosunu uzatmaq üçün bütün diplomatik vasitələrdən istifadə edəcəyini söyləyib. Bu arada Pompeo İsrailə səfər edib. Pompeo koronavirusla mübarizə aparmaq üçün İsraildə olmaqdan məmnun oldğunu deyib. O, İsrail və ABŞ çiyin-çiyinə bunlarla mübarizə aparacağını söyləyib. Siyasi şərhçilərin fikrincə, Amerika rəsmilərinin yeri gəldi-gəlmədi İran məsələsini qabartması müəyyən siyasi ambisiyalarından xəbər verir.
İranın yenidən hədəf seçilməsi ilə bağlı fikirlərini “Sherg.az”a bölüşən politoloq Azər Rəşidoğlu deyib ki, pandemiyadan sonra Donald Tramp ikinci dəfə ABŞ prezidenti olmaq şansını itirib. Analitikin fikrincə, Tramp İran amilindən bəhrələnmək istəyir:
“Bu baxımdan, hər hansı formada İrana qarşı müharibə də gözləniləndir. Lakin bu addımın Trampdan narazılıq dalğasını səngidəcəyi inandırıcı görünmür. Onu da vurğulayım ki, Demokratlar Partiyası baş verənlərdən narahatlığını bildirib. Bölgədə eskalasiyanın güclənəcəyi, ABŞ hərbçilərinin həyatının risk qarşısında qoyulması təhlükəsinin mövcudluğunu vurğulayıblar. Bəzi senatorlar İranla müharibənin qarşısının alınması üçün addımlar atırlar. Lakin istisna deyil ki, ABŞ-la İran arasında irimiqyaslı hərbi toqquşmalar yaşana bilər. Hər şey post-pandemia dövründəki proseslərdən asılı olacaq. Bütün hallarda baş verənlər yaxşı heç nə vəd etmir. ABŞ-İran münasibətlərində son gərginlik həm də o baxımdan diqqəti çəkir ki, proseslər Azərbaycanın sərhədləri yaxınlığında cərəyan edir”.