"Lakin bu qəzanın özü İran ordusundakı boşluğun göstəricisidir”
İran mediası mayın 10-da Bəsrə körfəzi yaxınlığında hərbi təlimlər keçirən İran donanmasına aid hərbi gəminin səhvən vurulduğunu elan etmişdi. Lakin İran ordusunun sözçüsü Şahin Takihani bildirib ki, Bəsrə körfəzi yaxınlığında dəniz təlimləri zamanı İrana aid hərbi gəminin ölkə donanması tərəfindən vurulması həqiqəti əks etdirmir. İran ordusuna “aid aja.ir” saytına danışan Takihani İran hərbi gəmisinin bu ölkənin raketi tərəfindən vurulması iddialarını yalanlayıb:
“Bu və buna bənzər sözlərin hadisə ilə əlaqəsi yoxdur. Ölkədəki yerli media bu cür şayiələri əsas götürməməlidir”. Hadisənin qəza olduğuna işarə vuran sözçü əlavə edib ki, qəzanın bütün tərəfləri araşdırılır. Maraqlıdır ki, İran rəsmisi hərbi gəminin qəza törətdiyini ifadə edir, hansısa ölkənin təxribatından danışmır.
Açıqlamanı “Sherg.az”a dəyərləndirən politoloq Turan Rzayev deyib ki, Bəsrə körfəzində İran gəmisinin vurulması sadə məsələ deyil və bunun pərdəarxası məqamları var. Analitikin sözlərinə görə, İran son illər ərzində ciddi nüfuz itkisinə məruz qalıb:
“İran regionda, istər Suriyada, istərsə də Yaxın Şərqdə dəstəklədikləri radikal qruplaşmaların geri çəkilməsi fonunda güc itirdi. Bunun başlıca səbəbi ABŞ-la olan siyasi və hərbi rəqabətdir. İran bölgədə kifayət qədər gücə malik olsa da, Amerika ilə rəqabət edəcək potensiala sahib deyil. Son olaylar, xüsusən neft bazarında qiymətlərin düşməsi, o cümlədən koronavirus pandemiyasının İran iqtisadiyyatına ciddi zərər vurması daxili auditoriyada narazılıq yaratdı. Pandemiya ilə mübarizədə ölkənin acizliyi və iqtisadi geriliyin də burada mənfi təsirləri var.
İranda artıq hakimiyyətə qarşı narazılıqlar hiss olunmaqdadır. Hökumət problemlərin həlli üçün əsaslı tədbir görə bilmir. Belə məqamda “hələ sağam, ölməmişəm” effekti yaratmaq üçün hərbi təlimlər keçirir. Təlimlər daxili auditoriyaya hesablanıb ki, xalq öz dövlətinin zəifləmədiyini, hərbi cəhətdən hələ də güclü olduğunu düşünsün. Hərbi təlimlər həm də ABŞ-a ultimatum xarakteri daşıyırdı. Amerika son olaylardan sonra İranı asan hədəf qismində görür və manipulyasiya edir.
O baxımdan təlimlər Vaşinqton başda olmaqla, İranın maraqlarını heçə sayan digər ölkələrə qarşı güc nümayişi idi. Lakin təlimlər zamanı səhvən İrana məxsus gəmi vuruldu və hadisə böyük rezonansa səbəb oldu. Düşünün, bir ölkə həm daxilə, həm də xaricə öz gücünü göstərməyə çalışdığı bir zamanda fiaskoya uğradı”.
T.Rzayev gəminin vurulmasının təxribat olduğunu düşünmür:
“İran özü bunu təkzib etdi. Hadisəni təxribat kimi qiymətləndirmək başqa problemlər yarada bilərdi. Deməli, İranın milli təhlükəsizliyində boşluqlar var ki, başqa dövlətlərə təxribata şərait yaranır. Diqqət yetirdinizsə, İran rəsmisi olayın birbaşa qəza olmasını da demir. Ona görə ki, qəzanın etirafı ordunun texniki və hərbi kadrların təcrübəsizliyi baxımından ciddi qüsur deməkdir. İran üçün ən yaxşı variant gəmi qəzasını ört-basdır etməkdir. Lakin bu qəzanın özü İran ordusundakı boşluğun göstəricisidir. Ümumiyyətlə, hərbi təlimlərin keçirilməsi səhv qərar idi. Hazırda bu cür təlimlərə ehtiyac yoxdur. Çünki hərbi gücü nümayiş etdirməklə nəyəsə nail olmaq mümkün deyil. Təlimlər uğurla nəticələnsəydi belə İran ictimaiyyəti bunu qiymətləndirməyəcəkdi. İranda koronavirusdan ölənlərin sayı kifayət qədər çoxdur, işsizlik artıb. Xüsusən, Qərbin sanksiyalarından sonra ölkə iqtisadiyyatı iflic vəziyyətə düşüb. Xalqı maraqlandıran əsasən bunlardır”.