Beynəlxalq Əmək Təşkilatı tərəfindən 12 iyun Ümumdünya Uşaq Əməyinə Qarşı Mübarizə Günü kimi qeyd edilir.
İlk dəfə 2002-ci ildən qeyd edilən bu günün məqsədi cəmiyyətin diqqətini mövcud problemə yönəltmək və uşaq əməyinin ləğvinə nail olmaqdır.
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsindən Lent.az -a verilən məlumata görə, hazırda dünyada 152 milyon uşaq əməyə cəlb edilib və onların təxminən yarısı (73 milyon uşaq) təhlükəli şəraitdə çalışır. Bu gün dünyada uşaqlardan bir çoxu məktəbə getməkdən, lazımi qidalanma və qulluqdan məhrumdurlar.
BMT-nin Davamlı İnkişaf Məqsədlərinin hədəfləri sırasında 2025-ci ilədək uşaq əməyinin bütün formalarının ləğv edilməsi də xüsusi yer alır.
Azərbaycan Beynəlxalq Əmək Təşkilatının "İşə qəbul olunmaq üçün minimum yaş həddi haqqında”, eləcə də “Uşaq əməyinin ən pis formalarının qadağan edilməsinə və onların aradan qaldırılması üçün təcili tədbirlərə dair” konvensiyalarını ratifikasiya edib. Bundan başqa milli qanunvericiliyimizdə 15 yaşdan aşağı uşaqların işləməsinə icazə verilmir.
Uşaq əməyinin istismarı uşaqların təhsildən yayınması, onların fiziki və mənəvi inkişafına mənfi təsir edir. Bu sahədə məlumatlılığın artırılması, ictimaiyyətin diqqətinin bu məsələyə yönləndirilməsi, həmçinin aidiyyəti orqanların bu işdə birgə fəaliyyəti vacib amillərdəndir.
Dünyanın hər yerində uşaqlar öz enerjilərini fərdi bilik və bacarıqlarının artırılmasına yönəltməli, uşaq inkişafının bütün istiqamətləri üzrə qayğı ilə əhatə olunmalı və uşaq əməyinin istismarına qarşı birgə mübarizənin ən fəal iştirakçısı olmalıdırlar. Çünki əməyi istismar edilən uşaq gələcək arzu və istəklərindən məhrum olur.