Müharibə anonsu !- “Donbas Rusiya üçün "Əfqanıstan bataqlığı"na çevrilə bilər” 

“Ukrayna müasir texnikalar əldə edərsə,vətəndaş həmrəyliyi olarsa, ərazi bütövlüyünü təmin edə bilər”

"Rəsmi Kievin qalib gəlməsi daxili birlik və beynəlxalq ictimaiyyətin dəstəyindən asılıdır”


Azərbaycanın 44 günlük zəfər savaşı və bu müharibənin qələbə ilə başa çatması işğala məruz qalan qalan digər ölkələri də ruhlandırıb. Buna misal olaraq Ukraynanı göstərə bilərik. Bu ölkə də torpaqlarını azad etmək istəyir. Ötən ay sözügedən ölkənin Donetskin şimalındakı Şumi və cənubundakı Vodyane kəndlərini, Avdiivka şəhərinin isə Opitne qəsəbəsini işğaldan azad etməsinə dair xəbərlər yayıldı. Bu arada ukraynalı hərbi analitik Aleksey Arestoviç də “Politeka” kanalında Rusiya –Ukrayna arasında müharibənin başlayacağı anonsunu verib. O qeyd edib ki, Rusiya ilə müharibədə Ukrayna hücumda olacaq:“Ukrayna onlar üçün Əfqanıstan olacaq, amma daha böyük miqyasda. Ukrayna dünyada Rusiyanın bütün silahlarından istifadə edən yeganə ölkədir”.




Vəziyyəti şərh edən Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri Sədrəddin Soltan "Sherg.az"a açıqlamasında bildirib ki, ukraynalı analitik Donbasın Rusiya üçün "Əfqanıstan bataqlığı"na dönəcəyi ehtimalını irəli sürür:

"Rusiyanın 1980-ci illərin silahları ilə vuruşma məsələsini Nikol Paşinyan "44 günlük müharibənin kökləri" adlı məqaləsində qeyd edib. Deyib ki, ermənilər 2016-cı ildə ona görə məğlub oldu ki, 80-ci illərinin silahı ilə silahlandırılmışdılar. 2020-ci ilin 27 sentyabrında başlayan müharibədə də, ermənilər Sovet dövründən qalma silahlardan istifadə edirdilər. Sovet İttifaqı vaxtında Rusiya Əfqanıstanda xeyli maliyyə ziyanına düşdü. Bu həm də, Rusiyanın münaqişə bölgələrindən heç bir qazanc əldə edə bilməməsi deməkdir. Ona görə də, Donbass Rusiya üçün Əfqanıstanın aqibətini yaşayacaq".

S.Soltanın sözlərinə görə, Ukrayna müasir texnikalar əldə edərsə,vətəndaş həmrəyliyi olarsa, o zaman öz ərazi bütövlüyünü təmin edə bilər:

"Ukraynanın qalib gəlməsi həm daxili birlik, həm də beynəlxalq ictimaiyyətin dəstəyindən asılıdır. Biz də, qələbəni həmrəylik, müasir texnika naminə qazandıq".

Aygün Tahirqızı